Ənənələri qoruyan rəssam

“Mən həmişə tələbələrimə deyirəm ki, diploma aldanmaq olmaz. Ən böyük diplom yaradıcılıqdır”

Hər bir sənətkarın xoşbəxtliyi ondadır ki, onun yaradıcılığından kiminsə yaddaşında nəsə qalsın. Tanınmış qrafik, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Rəsul Hüseynov illər öncə bir rəsmi ilə yaddaşımda belə qalıb.

Sovet dövründə, deyəsən, “Qobustan” dərgisində onun haqqında yazı verilmiş, əsərləri təqdim olunmuşdu. Dərgidə rəssamın “Uğursuz sıçrayış” əsərini görmüş, çox təsirlənmişdim. Əsərin mərkəzində maneələri dəf edən yarış atının uğursuz sıçrayışı təsvir olunub. Elə uğursuzluq ki, atın ayağa durmaq imkanı belə yoxdur. O, kürəyi üstə yerə dəyib, ayaqları göydə qalaraq çabalayır. Bu, həyatda mində bir dəfə baş verə bilər. Əsərdəki təsvir isə rəssam təxəyyülünün məhsuludur.

Rəsul müəllimlə onun Əhmədlidəki emalatxanasında görüşəndə də söhbətə bu əsərdən körpü saldım.

Öncə rəssamın yaradıcılığı ilə yaxından tanış oluram. O, iri qovluqlardakı uzun illərdən bəri çəkib qoruduğu əsərləri göstərir, hər bir əsərə izah verir. Birdən “Uğursuz sıçrayış” rəsmi qarşımıza çıxır. Onu orijinalda görüncə əsərin təsirini yenidən duyuram. Kağız üzərində sulu boya ilə böyük ustalıqla, incəliklə işlənib. Rəsul müəllim deyir ki, vaxtilə Bakıdakı Cıdıra gedib, oradan çoxlu eskizlər edib. Əsər oradakı təəssüratlardan sonra fantaziya əsasında ortaya çıxıb.

R.Hüseynov 1946-cı ildə Gəncə şəhərində doğulub. 1964-1968-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb. 1970-1976-cı illərdə İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında oxuyub. 1982-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Əsərləri təhsil aldığı akademiyanın muzeyində, Moskvada Tretyakov Qalereyasında, Şərq Ölkələrinin İncəsənəti Muzeyində və R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

Rəssamın işləri ilə yaxından tanışlığımı özüm üçün böyük mənəvi qənimət sayıram. Çünki tanınmış rəssamın əsərlərinin hamısını bir yerdə ilk dəfə idi ki, görürdüm. Çoxu yəqin ki, heç görməyib. Ona görə ki, rəssam 70 yaşı olmasına baxmayaraq, indiyə kimi fərdi sərgisini keçirməyib. Dediyinə görə, həmişə buna nəsə mane olub, ən çox da imkansızlıq. İndinin özündə də fərdi sərgi keçirməyə səy göstərmir. Bunun bir səbəbi də odur ki, bizdə tamaşaçılar ancaq açılış günü sərgiyə gəlirlər. Başqa günlərdə demək olar sərgilərə gələn olmur. Amma, deyəsən, bu il o, uzun illərin səssizliyini pozmaq fikrindədir. Belə ki, bir neçə həmkarı ilə birgə sərgi keçirməyi düşünür.

Rəsul müəllim başlıca olaraq sulu boya, kömürkarandaşla işləyir. Onun ustalığının əsas cəhəti yaratdıqlarına çox diqqətlə yanaşmasıdır. Ona görə bütün əsərlərində bir incəlik və zövq duyulur.

Qeyd edək ki, indi bizdə sulu boya əsərlərinə ögey münasibət yaranıb. Bu texnikada çəkənlərin sayı barmaqla sayılası qədər azalıb. Rəssam qeyd edir ki, yaratdıqlarının çoxunun evlərdə asılmaq ehtimalı çox azdır. Çünki onlar adi zövqlər üçün deyil. Belədə ümid yalnız muzeylərə qalır.

Rəssam əsərlərinin çox hissəsini müxtəlif ölkələrə yaradıcılıq səfərləri zamanı çəkib. Bura sənətkarın Almaniya, Finlandiya, Türkiyə və Kiprə səfərləri və oradakı tarixi, görməli yerləri əks etdirən əsərlər daxildir.

Rəssam bu gün daha çox fərdi sərgilərin keçirildiyini, ümumi, birgə sərgilərin az olduğunu bildirir: “Qabaqlar ildə 3-4 dəfə ümumrespublika sərgiləri olurdu, hər kəs başqalarının yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazanırdı. İndi bu imkan yoxdur. Ona görə kim nə yaradır, başqasının xəbəri olmur”.

Həmsöhbətim sənətə tamaşaçı münasibətindən razı deyil. Deyir ki, Rusiya, Avropa ilə müqayisədə biz bu sarıdan çox geri qalırıq. Rəssam bir sıra dünya muzeylərində olubsaatlarla böyük rəssamların əsərlərinə tamaşa edib: “Ermitaj Muzeyində hər rəssamın öz zalı var. Dünyanın böyük rəssamlarının yaradıcılığını canlı izləmək insana başqa zövq verir. Tamaşaçı o qədər böyük təsirə düşür ki, başqa bir rəssama baxmaq maraqsız olur. Ona görə ki, bir rəssamın təsirindən çıxmamış o birisini dərk eləmək çətinlik yaradır”.

O, Azərbaycan rəssam və heykəltəraşlarından daha çox Qafar Seyfullayev, Maral Rəhmanzadə, Rasim Babayev, Cəlal Qaryağdı, Fazil Nəcəfov və başqalarından təsirləndiyini bildirir. Dünya incəsənətində isə onu daha çox öz cazibəsinə salan qədim yunan heykəltəraşları, eləcə də rəssamlar Mikelancelo, Leonardo da Vinçi, Rəfael, Renatto Qutuzo və başqaları olub.

R.Hüseynovun fikrincə, bu gün ümumiyyətlə, dünya rəssamlığında böhran yaşanmaqdadır: “Fransa, İtaliya rəssamlığı həmişə dünya rəssamlığına örnək olub. İndi onlar öncəki ənənələrini itiriblər. Ona görə Rusiyadan müəllimlər aparırlar ki, yeni nəslə klassik ənənələri öyrətsinlər. Ümumən dünyada ciddi yaradıcılığa münasibətin zəifləməsini sənət üçün təhlükə hesab edirəm”.

Milli təsviri sənətə gəlincə, həmsöhbətim bildirir ki, bizdə də rəssamlığın indiki durumu ürəkaçan deyil. Rəssamlarda əvvəlki ənənələrdən xeyli uzaqlaşma baş verib, yaradıcılıq səngiyib. Dərs dediyi tələbələrin içərisində ümidverici, yaradıcılığa həvəs göstərən gənclərin az olduğunu söyləyir: “Sənət yaradıcılıq tələb edir. Mən həmişə tələbələrimə deyirəm ki, diploma aldanmaq olmaz. Ən böyük diplom yaradıcılıqdır. Adam yaradıcılıq zamanı həqiqi rəssam olur. Yaradıcılığı olmayanı necə sənətkar saymaq olar”.

S.Soltanlı

Mədəniyyət.- 2016.- 27 may.- S. 13.