Kitab əvəzsiz sərvətdir

Daha bir neçə bölgədə kitab bayramı keçirilib

Xəbər verdiyimiz kimi, bölgələrdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kitab bayramları keçirilir.

Belə tədbirlərdən biri Quba rayon MKS-nin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Mədəniyyət evinin qarşısında təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova tədbiri açaraq kitabxana-informasiya sahəsindəki yeniliklərdən, kitabxanalardakı işin müasir tələblərə uyğun qurulmasından danışıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fuad Orucov, MKS-nin direktoru Saməddin Nəsirov çıxış ediblər.

Kitab bayramında müxtəlif başlıqlı sərgilər nümayiş etdirilib.

* * *

Xaçmaz şəhərinin “Fəvvarələr bağı”nda keçirilən tədbirdə nazirliyin sektor müdiri Lətifə Məmmədova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, rayon MKS-nin direktoru Azad Əlifxanov çıxış ediblər.

Rayon Mədəniyyət mərkəzinin bədii qiraət dərnəyi üzvlərinin ifasında ümummilli liderə həsr edilmiş və hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Kitab bayramında üç min nüsxədən çox kitab sərgilənib.

* * *

Siyəzən rayon Mərkəzi kitabxanasında təşkil olunan tədbirin iştirakçıları əvvəlcə kitab sərgisi ilə tanış olublar. Çıxışlardan sonra 1, 2, 3 və 4 saylı tam orta məktəblərin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Rayon Mədəniyyət mərkəzinin bədii-rəhbəri Müslüm Güləliyev, mədəni-təşkilatçı Vüsal Həsənov, aşıq Əhmədalı Həşimov öz musiqi töhfələri ilə tədbirə rəng qatıblar.

* * *

Biləsuvar Rayon Mədəniyyət və Turizm Şöbəsi və MKS-nin təşkilatçılığı ilə keçirilən tədbiri şöbənin müdiri açıb, Prezident Administrasiyasının məsul işçisi Bəhruz Həsənov, İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova, rayon Gənclər və İdman İdarəsinin müdiri Aqşin Bağırov və başqalarının çıxışları dinlənilib. Kitab sərgiləri və təqdim edilən vətənpərvərlik ruhlu mahnılar, şeirlər, səhnəciklər maraqla qarşılanıb.

* * *

Göyçayda təşkil olunan ənənəvi kitab bayramını giriş sözü ilə M.Ə.Sabir adına rayon Mərkəzi kitabxanasının direktoru R.Balayeva açaraq belə tədbirlərin gənc nəslin kitaba olan marağının artırılmasına, gənclərin asudə vaxtının səmərəli keçirilməsinə təsirindən danışıb. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov, şəhər 7 nömrəli tam orta məktəbin direktoru Adil Məmmədov çıxışlarında müasir dövrün tələblərinə uyğun kitabların oxuculara çatdırılmasında kitabxanaçıların yorulmaz əməyindən bəhs ediblər. 9 nömrəli bağçanın uşaqları kukla tamaşası göstərib, məktəblilər vətənsevərlik mövzulu şeirlər və musiqilər səsləndiriblər.

* * *

Salyan rayon Nizami Gəncəvi adına MKS-nin təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif dillərdə nəşr olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlərdən ibarət sərgi nümayiş olunub. Kitabxananın əməkdaşı Səadət Yarıyeva, ziyalı Nəbi İbrahimov çıxış edərək kitab mədəniyyətinin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açıblar. Tədbir rayon Mədəniyyət mərkəzi musiqi kollektivinin rəngarəng konsert proqramı ilə başa çatıb.

* * *

Zaqatala rayon MKS-nin təşkilatçılığı ilə Dədə Qorqud meydanında təşkil olunan kitab bayramında bədii ədəbiyyatla yanaşı, müxtəlif elm sahələrinə aid nəşrlər, bölgənin turizm imkanlarını əks etdirən banner nümayiş olunub.

Tədbir çərçivəsində Mərkəzi kitabxanada keçirilmişKimdir şəhidlər” adlı inşa və “Mənim nağıl dünyam” adlı rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Nümayiş etdirilən səhnəciklər, kompozisiyalar maraqla qarşılanıb.

* * *

Şəki şəhər İ.Nakam adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə M.F.Axundzadə adına kinoteatrın qarşısındakı meydanda kitab bayramı keçirilib. Müxtəlif başlıqlı sərgilərdə 2000 nüsxədən çox kitab nümayiş olunub. “Bacarıqlı əllər” sərgisində isə kiçikyaşlı oxucuların əl işləri yer alıb.

Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova çıxış edərək kitabın həyatımızdakı yerindən, kitabxanaların önəmindən söz açıb. Digər çıxışlarda da kitab və kitabxanaların əhəmiyyəti vurğulanıb.

Tədbirdə şeirlər səsləndirilib, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Mədəniyyət.- 2016.- 27 may.- S. 7.