Koroğlu”nun yeni ifaçılarına salondan baxış

Əgər azərbaycanlı tenor doğma xalqının gözündə özünü əsl vokalçı kimi təsdiq etmək niyyətindədirsə, mütləq «Koroğlu» imtahanından müsbət qiymət almalıdır. Əks təqdirdə çoxluq onun Avropa operalarındakı uğuruna ciddi yanaşmayacaq, yox, əgər Koroğlu partiyasının öhdəsindən gəlsə, digər uğurlarının da əhəmiyyəti birə-beş artacaq.

Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında oynanılan «Koroğlu» operasını bir növ premyera hesab etmək olar. Bir tamaşada 6 (!) debütantın çıxışı, üstəlik, uğurlu çıxışı əsl sənət hadisəsi kimi qiymətləndirilə bilər.

Üzeyir Hacıbəylinin ölməz operası barədə geniş danışmağa ehtiyac yoxdur. Biz, sadəcə, debütantların çıxışı üzərində dayanacağıq.

Koroğlunu çağırın, gəlsin...

Əməkdar artist Fərid Əliyev haqlı olaraq bizim teatrın favorit tenoruna çevrilməkdədir. Yaşının, səsinin fiziki formasının ən yaxşı dövründə olan dramatik tenor teatrda ilk dəfə məhz «Koroğlu»da Həmzə bəy ilə debüt etsə , əsasən Avropa operalarında çıxış edir. Nəhayət, Koroğlu kimi səhnəyə çıxdı. Əslində burada bir həssas məqam var. Bəzən klassik opera üslubunda ifaya alışmış tenorlar Koroğlu partiyasındakı yalnız bizə məxsus boğaz qaynatmalarını edə bilmədiklərindən bu partiyanı «italyanca» ifa edirlər. Yaxşı ki, bu dəfə belə olmadı. Vokalçının təbiətindəki aktyorluq qabiliyyəti ilə obraza məftunluq, «mütləq yaxşı oxumaq» məsuliyyəti son illərin ən güclü səsə malik Koroğlusu ilə bizi tanış etdi.

Çənlibel səhnəsi operada Koroğlu üçün ən çətin səhnə sayılır. Teatrsevərlər Koroğlunun at üzərində səhnəyə gəlişini həmişə maraq həyəcanla gözləyirlər. Yəni əslində həyəcanlanmağa əsas var. Səhnədə adamların çoxluğu, gur musiqi, üstəgəl tamaşaçıların güclü alqışı atı ürküdə bilər. Bildiyimiz qədər, Fərid Əliyev Qıratla əvvəlcədən dostlaşsa da, onun səhnəyə çıxışı hər kəsə bir qədər adrenalin bəxş etdi. Səhnədən ürkən at əsl Qırat kimi şahə qalxdı, xoşbəxtlikdən yəhərdə bir qədər boş oturmuş Koroğlu özünü toparlayıb at üstündə qala bildi hər şey salamat sovuşdu. Xoşagələn məqam bu oldu ki, keçirdiyi həyəcan yalnız onun yanaqlarının azacıq allanması ilə özünü büruzə verdi, səsində, oyununda heç bir sapıntı olmadı. Yeri gəlmişkən, bizim səhnədə ilk dəfədir ki, Koroğlu qrimdən istifadə etməyib, zəhmət çəkib bığ saxlayıb.

Asan, kəsən Həsən xan ilə Ehsan paşa

Cahangir Qurbanov ilə Taleh Yəhyayev bu tamaşanın debütantıdır. Əgər estradadan ciddi musiqiyə gəlmiş Cahangir irili-xırdalı partiyaları solo çıxışları ilə operasevərlərə tanışdırsa, Ehsan paşanın Taleh Yəhyayevə tapşırılması rejissor ilə dirijorun riskli addımı sayıla bilər. Ehsan paşanın solo oxusu tamaşada böyük yer tutmasa da, xarakter sanbalca Həsən xana bərabər tutulan bir obrazdır. Hələlik geniş auditoriyanın tanımadığı gənc, amma güclü səsə malik vokalçı səhnədə inamlı təmkinli davranışı ilə diqqəti çəkdi.

Keçəl Həmzə, yoxsa Həmzə bəy?

Bizim milli düşüncəmizdə dastandan tanıdığımız Keçəl Həmzə obrazı az qala Koroğlu qədər elə identikləşib ki, onu 80 yaşlı operada da bəy kimi qəbul edə bilmirik. Amma bizim operasevərlərin münasibətini gördüyümüz üçün deyə bilərik ki, onlar Tural Ağasıyevin Həmzə bəyini qəbul etdilər. Səs, obraz üçün tələb edilən cilddən-cildə girmə bacarığı hələ ki, ikinci plan partiyaları ifa edən gənc tenorun uğuru sayılmadır.

Bir də saraydakılar...

Operada yalnız saray səhnələrində görünən kiçik obrazlardan ikisinin ifaçısı da ilk dəfə idi ki, bu tamaşada səhnəyə çıxmışdı. Fəhmin Əhmədli Vəzir obrazında, Çinarə Şirin isə Xanəndə qız kimi «Koroğlu» sınağından keçdilər. Vəzirin ifası demək olar ki, yalnız reçitativlərdən ibarət olsa da, hər halda onun ifasında heç bir qüsur yox idi. Çinarə Şirin isə bütün qadın işvəkarlığını obrazına köçürməklə tamaşaçını əsl saray xanımı olduğuna inandıra bildi. Onun səs imkanları hər kəsə yaxşı məlum olduğu üçün bu məsələnin üstündə dayanmağa ehtiyac yoxdur.

* * *

Tamaşa baş tutdu və altı debütantın altısı da öz ifası ilə sübuta yetirdi ki, «Koroğlu»nun yaradıcı heyətində onların hər birinin yeri var. Yalnız bir neçə xırda qüsura, xüsusilə geyimqrim ilə bağlı bəzi cəhətlərə toxunmaq istərdik. Məsələn, sanbalyaş vermək məqsədilə Həsən xanın bığ-saqqalına gümüşü-ağ tellər artırılıb, amma papaq altından görünən saçı qapqaradır. Həm Həsən xan, həm də Vəzir çox cavandırlar, yüngül qrim ilə onları azacıq yaşlandırmaq olar ki, qırışsız, aydın sifətləri tutduqları mövqe ilə təzad yaratmasın. Necə ki, Ehsan paşanın qrimində onun obrazından çox cavan olması hiss olunmur. Çənlibel səhnəsinə çıxan xordakı bir neçə qadın solistin zinət əşyaları taxması da səhnənin ruhu ilə dissonans yaradır. Yəni tamaşanı idarə edənlər bu xırda qüsurları asanlıqla aradan qaldıra bilərlər.

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2016.- 27 may.- S. 6.