Teatr studiyasında tamaşalar hazırlanır

Artıq bir neçə ildir Mingəçevir Dövlət Dram Teatrının nəzdində gənc aktyorların cəlb edilməsi məqsədilə “İNAM” teatr studiyası fəaliyyət göstərir. Burada aktyor sənətinin səhnə danışığı, diksiya, plastika, səhnə hərəkəti, rəqs və s. elementləri tədris edilir.

Əməkdar artist Ella Yaqubovanın rəhbərlik etdiyi studiyaya gələnlərin sayı ilbəil artır. Gənclər E.Yaqubovanın təşəbbüsü ilə teatrın tamaşalarında irili-xırdalı rol almaqla ilk yaradıcılıq addımlarını atır, öz imkanlarını genişləndirir, müəyyən sənət təcrübəsi əldə edirlər. Teatr studiyasının dinləyicilərinin iştirakı ilə xalq artistləri, rejissorlar Zülfüqar Abbasov, Vaqif Əsədov və Ağaxan Salmanlının quruluşlarında Əli Səmədlinin “Güc və ağıl”, Üzeyir Hacıbəylinin “Ər və arvad”, Ağaxan Salmanlının “Sehrli mağara” tamaşaları hazırlanıb.

Bu ilin sonunda da studiyaya yeni daxil olmuş gənclərin ifasında yeni tamaşa hazırlanması nəzərdə tutulur.

Mədəniyyət.- 2016.- 27 may.- S. 4.