Tanınmış mədəniyyət
xeyriyyəçisi anılıb
Oktyabrın 29-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Kürdəmirdə böyük xeyriyyəçi, muğam bilicisi, maarifçiliyin hamisi, şair, bəstəkar, XIX əsrdə muğam müsabiqələrinin özülünü qoymuş, böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin yaratdığı “Beytüs-səfa” ədəbi məclisinin himayəçisi olmuş Mahmud ağa Məmmədzadənin (1826-1896) 190 illik yubileyi münasibətilə “Mahmud ağa məclisi” adlı tədbir keçirib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı məclisi açaraq Mahmud ağanın XIX əsrdə Şirvan-Şamaxı ədəbi-mədəni mühitindəki izindən, xalqın, sadə insanların ümid-pənah yeri olmasından, şirvanlı ziyalıların yetişməsində rolundan, Azərbaycan, özəlliklə də, Şirvan ədəbiyyatı və mədəniyyətinin təbliğ olunmasında göstərdiyi xidmətlərdən danışıb.
Məclisin qonaqları - filologiya elmləri doktoru, AYB-nin Şirvan bölməsinin sədri, professor Seyfəddin Qəniyev, Əməkdar artist Eldost Bayram, ustad xanəndə Ağakərim Nafiz, xanəndələr Nemət Ərəboğlu, Zeynal Əhmədov, muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva, Əməkdar mədəniyyət işçisi, aşıq Ağamurad Şirvanlı, Milli Konservatoriyanın müəllimi tarzən Mehman Mikayılov, kamança ifaçısı Cahandar Mikayılov dəyərli fikirləri, maraqlı ifaları ilə məclis iştirakçılarını duyğulandırıblar.
Tədbirin məramı mədəniyyətimizi, milli dəyərlərimizi təbliğ etmək olub. İştirakçılara Azərbaycan televiziyasında Mahmud ağa haqqında çəkilmiş sənədli filmdən epizodlar da nümayiş etdirilib.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.13.