Qədirbilən insan

 

 

İbrahim Məlikovu 30 ilə yaxındır tanıyıram. Tanışlığımız doğulduğu Quba rayon Qorxmazoba kəndində keçirilən toy şənliklərinin birində başlayıb. Özümü tanıyandan İbrahim müəllim haqqında geniş məlumatım var. Çünki anam və nənəm uzun illər rayon Mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışıblar. Kiçik yaşlarımdan B.Səfəroğlu adına Mədəniyyət evində (indiki Mədəniyyət mərkəzi) keçirilən müxtəlif tədbirlərdə iştirak etmişəm.

İ.Məlikov həmin tədbirlərdə rəngarəng və maraqlı ifaları ilə hamını heyran edirdi. Mən də bu sevilən musiqiçini həvəslə dinləyir, onun ifalarından sonra tamaşaçıların gurultulu alqışlarının şahidi olurdum. İndiyədək yadımdadır, mən konsert zalında təsadüfən ön cərgədə əyləşmişdim. O bir neçə solo ifasından sonra səhnədən enib mənim əlimdən tutaraq səhnəyə apardı, bağrına basıb əzizlədi. Bu mənim tanınmış ifaçıya məhəbbət və marağımı bir qədər də artırdı.

Orta məktəbi bitirib, universitetə qəbul olundum. Bir müddət İ.Məlikovla görüşmədik. Ali məktəbi bitirdikdən sonra rayonda müxtəlif idarə təşkilatlarda ayrı-ayrı vəzifələrdə çalışdım. Günlərin birində Qorxmazoba kəndində toya dəvət aldım. Ziyafətdə gözlərim İbrahim müəllimi axtardı. Lakin onu görmədim. Soruşdum, dedilər indi gələr. Nəhayət, el sənətkarı mağara daxil oldu. Böyükdən-kiçiyə hamının ayağa qalxdığını gördüm anladım ki, həqiqətən , bu qədirbilən insanın xalq arasında böyük hörmət-izzəti var...

Tale elə gətirdi ki, mən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsinə təyin olundum. Bu gözəl insanla mədəniyyət sahəsində birgə çalışmağa başladım. İndi onunla, demək olar ki, hər gün görüşürük.

Bu yaxınlarda İbrahim müəllimin 70 yaşı tamam olub. Öz sənətinin vurğunu olan peşəkar ifaçı yeni kitabının işıq üzü görməsini səbirsizliklə gözləyir. Respublika əhəmiyyətli ümumrayon tədbirlərinin iştirakçısı olan musiqiçi dəfələrlə fəxri fərman diplomlarla təltif olunub.

İ.Məlikov həm gözəl ailə başçısıdır. Övladları atalarının şan-şöhrətinə layiq həyat sürürlər. Nəvələri babalarının yolunu məharətlə davam etdirirlər. O, professional musiqiçi olmaqla yanaşı, sədaqətli dost mehriban insandır. Onun nəsihət tövsiyələri hamı tərəfindən rəğbətlə qarşılanır.

İbrahim müəllimin bəstəkarlıq qabiliyyəti var. Bölgəmizi, doğma Azərbaycanımızı tərənnüm edən mahnılar bəstələyib. Şairlik qabiliyyəti onda hələ gənc yaşlarından büruzə verib. Sözlərinə bəstələnmiş mahnılar dillər əzbəridir.

Mahir ifaçı, sədaqətli dost qədirbilən insana möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

 

Saməddin Nəsirov

Quba rayon MKS-nin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.11.