Səmərəli idarəetmənin problemləri müzakirə olundu

 

Oktyabrın 28-də Azərbaycan TurizmMenecment Universitetində (ATMU) Doktorantura və əlavə təhsil şöbəsinin təşkilatçılığı ilə “Müasir dövrdə səmərəli idarəetmənin problemləri” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların ikinci konfransı keçirildi.

Tədbirdə universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov mövzunun aktuallığını diqqətə çatdırdı. Bildirdi ki, idarəetmə çoxcəhətli prosesi əhatə edir və cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqəlidir. Konfransın “Dövlətin və bələdiyyənin idarə edilməsi”, “Sosial-iqtisadi sahələrin idarə edilməsi”, “Təhsil və mədəniyyətin idarə edilməsi”, “Biznes idarəçiliyi”, “İnvestisiya menecmenti”, “İdarəetmədə hüquq problemləri” və “İdarəetmədə multikultural dəyərlər” bölmələrində 20-dək məruzə dinləniləcək.

ATMU-nun Doktorantura və əlavə təhsil şöbəsinin müdiri, dosent Nəsir Nəsirli qeyd etdi ki, bazar iqtisadiyyatı planlı təsərrüfata nəzərən idarəetmə qərarları verən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Bazarın tələblərinə cavab verən, yeni sosial-iqtisadi xüsusiyyətlərə malik orijinal məhsul və xidmət istehsalı səmərəli strategiyanın həyata keçirilməsini, eləcə də tətbiqini tələb edir. Bu keyfiyyətlər yalnız idarəetmənin metod və funksiyaları, onun iqtisadi mexanizmi, yeniliklər barədə zəruri biliklərə malik idarəçilərdə olur. Həmin idarəçilər əməyin motivasiyasını lazımi səviyyədə təşkil edə bilirlər.

Daha sonra konfrans işini bölmələrdə davam etdirdi.

Bölmə iclaslarında “Azərbaycan muzeylərində idarəetmənin aktual problemləri”, “Ana dilimizi yaşadaninkişaf etdirən dövlət xadimimiz”, “Sənaye müəssisələrində innovasiya fəaliyyətinin idarə edilməsi”, “Təhsilin idarə edilməsinin təşkili” və digər mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.9.