Moskvada həmvətənimizin sərgisi təşkil edilib

 

 

Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında “Fırça və söz ustası” adlı sərgi keçirilib. Sərgidə Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının, Rusiya Yazıçılar İttifaqının üzvü Maya Bədəlbəylinin yağlı pastellə çəkdiyi 30-a yaxın rəsmi nümayiş etdirilir.

Həmyerlimizin indiyədək çəkdiyi 250-dən çox rəsm dəfələrlə Bakıda və Moskvada sərgilənib.

Maya Bədəlbəyli həm də şair və yazıçıdır, “Söz”, “Dialoq”, “Kainatın səsi”, “Mən rezonansa düşən dalğayam” və digər kitabların müəllifidir. Sərgi çərçivəsində təqdim etdiyi “Dalğınlıq” (“Razdumye”) kitabında müəllifin şeirləri, esseləri, hekayələri, fəlsəfi-epik düşüncələri yer alıb.

Sərginin açılışında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, şair Nəsib Nəbioğlu, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvü Afaq Şıxlı, Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva və başqaları Maya Bədəlbəylinin yaradıcılığından söhbət açıb, ona yeni uğurlar arzulayıblar.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.5.