Azərbaycanla Tunis arasında əməkdaşlıq məsələləri müzakirə olunub

 

 

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO-nun 12-ci Baş konfransının prezidenti qismində Tunisdə keçirilən İSESCO ölkələri Təhsil nazirlərinin birinci konfransında iştirak edib. Nazir səfər zamanı bir sıra görüşlər keçirib.

 

Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi İSESCO-nun 12-ci Baş konfransının prezidenti, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni və İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycrini qəbul edib.

Görüşdə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Tunis dövlətinin başçısına çatdırıb. O, Azərbaycanın Tunis ilə mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunları və Qərb dünyası ilə müsəlman ölkələri arasında münasibətlərin inkişafına töhfə verən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və İSESCO arasında mövcud əməkdaşlığı barədə Tunis rəhbərinə məlumat verib.

Tunis dövlət başçısı öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.

Görüşdə İƏT və İSESCO ilə əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

* * *

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tunis Respublikasına səfəri çərçivəsində bu ölkənin turizm və əl işləri naziri Salma Elloumi Rekik ilə görüşüb.

Əbülfəs Qarayev Tunisdə keçirilən İSESCO ölkələri Təhsil nazirlərinin birinci konfransı, eləcə də 30 oktyabr - 2 noyabr tarixlərində Misir Ərəb Respublikasının Luksor şəhərində təşkil olunacaq Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyası və V Dünya Şəhər Turizm Sammitində iştirak edəcəyi barədə həmkarına məlumat verib.

Görüşdə iki ölkə arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Nazir Əbülfəs Qarayev ölkəmizin bunun üçün geniş potensialının olduğunu, turistlər üçün asan viza rejiminin tətbiq olunduğunuson dövrlər ölkəmizə gələn turistlərin sayının artdığını diqqətə çatdırıb.

Söhbət zamanı həmçinin Tunisdə ali turizm təhsilinin yüksək səviyyədə olduğu nəzərə alınaraq bu sahə üzrə intensiv təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsinə də diqqət ayrılıb.

Əbülfəs Qarayev nazir Salma Elloumi Rekiki 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Tunisli nazir dəvətə görə təşəkkür edib və gələcəkdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.5.