Türk dünyasını islam dəyərləri ətrafında birləşdirən mütəfəkkir

 

Xoca Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi

 

Oktyabrın 31-də Milli Kitabxanada XII əsrin məşhur qazax mütəfəkkir şairi Xoca Əhməd Yasəviyə (1093-1166) həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdi.

 

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə tər güllər düzüldü.

Elmi konfransı açan Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, UNESCO tərəfindən 2016-cı il Xoca Əhməd Yasəvi ili elan edilib. Bugünkü tədbir də türk dünyasının görkəmli mütəfəkkir şairinin vəfatının 850 illiyinə həsr olunub. Konfransda Türkiyə, Qazaxıstan, Makedoniya və TÜRKSOY təşkilatından nümayəndələr iştirak edir.

TÜRKSOY-la birgə həyata keçirilən tədbirlərdən danışan K.Tahirov qeyd etdi ki, noyabrın 2-də Şəkidə Yusif Balasaqunlunun 1000 illiyi ilə əlaqədar beynəlxalq konfrans təşkil ediləcək. Noyabrın 14-də Xalq şairi Səməd Vurğunun 110 illiyi münasibətilə İstanbulda beynəlxalq kitab sərgisində tədbir keçiriləcək, ayın 15-də Ankarada - TÜRKSOY-un iqamətgahında konfrans və sərgi, 17-də isə Türkiyə Milli Kitabxanasında tədbir olacaq.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək son dövrlər Azərbaycanda türk dünyasının böyük mütəfəkkirlərinin yubileylərinin keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, Xoca Əhməd Yasəvi türk dünyasını islam dəyərləri ətrafında birləşdirən mütəfəkkirdir. Onun əsərləri bu günümüz üçün də aktualdır və buna görə də çap edilir, irsi öyrənilir.

Vaqif Əliyev 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edildiyini, bununla əlaqədar bir çox tədbirlər keçirildiyini, müxtəlif araşdırmaların aparıldığını dedi: Aparılan araşdırmalar, həyata keçirilən layihələrdə türk xalqlarının ortaq mədəniyyəti bölüşdüklərinin bir daha şahidi oluruq. Ədəbi nümunələrdə türk dünyası klassiklərinin insanları daim qardaşlığa, sülhə, dostluğa səslədiyini görürük.

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirdi. TÜRKSOY-la Azərbaycanın əməkdaşlığından, o cümlədən Azərbaycan Milli Kitabxanası ilə birgə həyata keçirilən layihələrdən söz açıldı. F.Purtaş Azərbaycanın multikulturalizmin mərkəzi kimi tanındığını vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar türk xalqlarının tarix boyu müxtəlif dinlərə sitayiş etdiyini söyləyərək hazırda onların əksəriyyətinin islam dininə tapındığını dedi. Qeyd etdi ki, Anadoluda islamın yayılmasında Ə.Yasəvi və onun dərvişlərinin böyük rolu olub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirdi ki, Ə.Yasəvi o xoşbəxt mütəfəkkirlərdəndir ki, vəfatından 850 il ötsə də anılır, əsərləri öyrənilir. Alim-şairin Divani-hikmət əsərinin əlyazması UNESCO-nun Dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Əmir Teymur tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya irs siyahısına daxil edilib: Əhməd Yasəvi böyük fikir adamı, din xadimi, Yasəviyyə nəzəriyyəsinin banisi, türkləri birləşdirən insandır. İslam seçim, türkçülük taleyimizdir kəlamı onun vahid türk ideyasına sadiq olduğunu göstərir. Bu gün türkdilli ölkələrdə onun xatirəsi əbədiləşdirilib, Qazaxıstanda Əhməd Yasəvi Universiteti fəaliyyət göstərir.

G.Əfəndiyeva qeyd etdi ki, Azərbaycan türk dünyasına aid olan mədəni, mənəvi dəyərlərə hər zaman böyük hörmətlə yanaşır: Yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondu bu ənənələri davam etdirməyə və öz töhfəsini verməyə hər zaman hazırdır.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Əhməd Yasəvi Universiteti idarə heyətinin sədri Musa Yıldız, Milli Məclisin deputatı Qənirə Paşayeva böyük mütəfəkkir şairə həsr olunan elmi konfransı yüksək qiymətləndirdilər. Qeyd edildi ki, Ə.Yasəvi türk dilində yazmaqla yanaşı, milli kimliyin, dini inancın, ənənənin sintezini qura bilib.

Çıxışlardan sonra Əhməd Yasəvi Universiteti tərəfindən nəşr edilmiş kitablar Milli Kitabxanaya hədiyyə edildi. Tədbir iştirakçıları Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi adlı kitab sərgisi ilə tanış oldular.

Konfransın ikinci hissəsində Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi, Xoca Əhməd Yasəvi hikmətlərində sosial məzmunlu ismarışlar, Məlumat istehsalı və ötürülməsi baxımından Divani-hikmət, Türk-islam düşüncəsinin simvol ismi Əhməd Yasəvinin mistik fəlsəfəsi, Aristan Bap haqqındakı qazax hekayələri mövzularında yerlixarici mütəxəssislərin məruzələri dinlənildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.4.