Gənclər, innovasiyalar, kitabxanalar

 

 

Gəncədə Azərbaycan-Rusiya elmi-praktik konfransı

 

“Gəncə - 2016: Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində noyabrın 2-də Mədəniyyət və Turizm Nazirliyi, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclər-innovasiyalar-kitabxanalar” adlı Azərbaycan-Rusiya elmi-praktik konfransı keçirilib.

 

Məhsəti Gəncəvi Mərkəzində keçirilən konfransda Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və bir sıra şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları, Rusiyasının kitabxana-informasiya sahəsində tanınmış mütəxəssislər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbir iştirakçıları Miniatür Kitab Muzeyinin Gəncə şəhər filialı və şəhər Uşaq kitabxanası ilə də tanış olublar.

Konfransda açılış nitqi ilə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva Gəncədə mütaliənin təşviqi ilə bağlı həyata keçirilən layihələrdən danışıb və bu tədbirin şəhərdə və ümumilikdə respublikada kitabxanaların işinə müsbət töhfə verəcəyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova konfransda Azərbaycan və Rusiyanın müxtəlif profilli kitabxanaları arasında əməkdaşlığın qurulması, kitabxana-informasiya sahəsinə dair fikir mübadiləsinin aparılacağını bildirib. Qeyd edib ki, konfransda iştirak edən rusiyalı mütəxəssislərin öz kitabxanalarında həyata keçirdikləri və uğur qazanan layihələrin nazirliyin tabeliyindəki mərkəzləşdirilmiş kitabxana sistemlərində reallaşdırılması imkanları öyrəniləcək.

Sektor müdiriElektron kitabxanalar mədəniyyətin fenomeni kimimövzusunda geniş məruzə ilə çıxış edib.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova artıq bir neçə aydır həyata keçirilən “Açıq kitabxana” layihəsi barədə qonaqlara məlumat verib və layihə üzrə əldə olunmuş təcrübədən söhbət açıb.

Rusiyalı mütəxəssislərdən Vadim Stepanov, Aleksandra VaxruşevaPavel Pelevin kitabxana-informasiya sahəsinin aktual mövzuları üzrə çıxış edərək təcrübələrini iştirakçılarla bölüşüblər.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.5.