İnkişaf naminə davamlı turizm beynəlxalq ili

 

2017-ci ildə Azərbaycan və Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə tədbirlər keçiriləcək

 

Mədəniyyət və turizm nazirinin qurumun baş katibi ilə görüşündə bu barədə müzakirələr aparılıb

 

Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təşkilatın baş katibi Taleb Rifai ilə görüşüb.

Görüşdə baş katib Azərbaycanın Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 2017-ci il üzrə sədri seçilməsi münasibətilə naziri təbrik edib. Xatırladaq ki, oktyabrın 31-də İcraiyyə Şurasının sessiyasında Azərbaycan gələn il üçün quruma sədr, Zambiya sədrin birinci müavini, Serbiya isə ikinci müavini seçilib.

Söhbət zamanı Azərbaycan və Dünya Turizm Təşkilatı arasında münasibətlər, eləcə də sədrlik müddətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb. Gələn il Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuonun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər və layihələr müzakirə olunub.

Eyni zamanda, nazir Əbülfəs Qarayev 2017-ci il - İnkişaf naminə davamlı turizm beynəlxalq ili çərçivəsində Azərbaycan və BMDTT-nin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlər haqqında məlumat verib, təşkilatı Azərbaycanda bu il çərçivəsində keçiriləcək tədbirlərə tərəfdaş olmağa dəvət edib.

Həmçinin, görüşdə 2016-cı ilin 5 dekabr tarixində Paris şəhərində keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazırlanması qərara alınıb.

Görüşün sonunda Taleb Rifai Azərbaycanda turizm sahəsində həyata keçirilən islahatların onda yüksək təəssürat yaratdığını diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.8.