Bölgədəki sənətkar - rəssam və yazar

 

 

Əli Səfərov 60-dan çox tamaşaya səhnə quruluşu verib

 

Bölgələrimizdə yaşayan tanınmış sənət adamlarından biri də rəssam və yazar Əli Səfərovdur. O, 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bədii-tərtibatçı rəssam ixtisası üzrə bitirib. Naxçıvanda şüşə və alüminium qablar zavodlarında tərtibatçı rəssam işləyib.

 

1983-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissoru, mərhum Vəli Babayevin dəvəti ilə bu sənət ocağında fəaliyyətə başlayır, quruluşçu rəssam kimi tamaşalara səhnə tərtibatı verir. 1984-85-ci illərdə teatrın kollektivi Ə.Səfərovun bədii tərtibat verdiyi G.Xuqayevin “Mənim qayınanam” və A.DudarevinAstana” tamaşaları ilə respublikanın bir sıra şəhər və rayonlarında qastrolda olur.

Ə.Səfərov 1990-cı ildə Naxçıvan Dövlət Kukla Teatrına baş rəssam kimi dəvət alıb. Burada onlarla tamaşaya səhnə quruluşu verir, kukla eskizləri hazırlayır. Həmin tamaşalardan bir çoxu Bakıda, eləcə də İranın Urmu, Tehran, Türkiyənin Trabzon, İzmir, İqdır, Van şəhərlərində festivallarda uğurla nümayiş olunub.

Rəssam son illər həyatını Babək rayon Xalq teatrına bağlayıb və rejissor Yusif Əliyevlə bu teatrın yaradıcılarından biridir. Teatrda bir sıra maraqlı tamaşalar hazırlanıb. Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri əsasında tamaşa 2015-ci ildə Naxçıvan MR Xalq teatrları festivalında I yerə layıq görülüb.

Rəssam müxtəlif teatrlarda ümumilikdə 60-dək tamaşaya səhnə tərtibatı və geyim eskizləri verib. Bu tamaşalara Oqtay Kazımi, Elza İbrahimova, Ramiz Mirişli, Emin Sabitoğlu kimi tanınmış bəstəkarlar musiqi yazıblar. Rəssam nümunəvi yaradıcılığına görə dəfələrlə müxtəlif nazirlik və təşkilatlar tərəfindən fəxri fərman və diplomlara layiq görülüb.

Əli Səfərov Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teatr rəssamı olmaqla yanaşı, həm də tanınmış qrafik və rəngkardır. Əl işləri içərisində “Şəhriyar”, “Hüseyn Cavid”, “20 Yanvar”, “Qaçqınlar”, “Anaların fəryadı”, “Yaz”, “Sazəndə qız”, “Qədim diyar” əsərləri ayrıca yer tutur. Belə əsərlərin sayı 200-dən çoxdur. Yaradıcılığında mənzərə, portret, süjetli kompozisiyalar üstünlük təşkil edir.

Rəssam ölkəmizdə və xaricdə təşkil edilən sərgilərin fəal iştirakçısıdır. 2012, 2014-cü illərdə Naxçıvan Rəssamlar Birliyində fərdi sərgiləri keçirilib. 60 illiyində muxtar respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Sənətkarın bir çox maket və səhnə eskizləri, yağlı boya ilə işlənmiş əsərləri Naxçıvanda Tarix, Ədəbiyyat muzeylərində, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin ev-muzeylərində, həmçinin Naxçıvan Dövlət Rəsm Qalereyasında saxlanılır.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.11.