Unudulmaz müəllim

 

 

Azərbaycan təsviri sənətinin inkişafında mühüm xidmətləri olan, dəyərli rəssamlar nəsli yetişdirmiş Sabir Şıxlı 1927-ci il noyabrın 10-da Şamaxı şəhərində doğulub. 1950-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Moskva Toxuculuq İnstitutunun Rəssamlıq fakültəsini bitirib.

1955-59-cu illərdə Şəki İpək Kombinatı İstehsalat Birliyində məsləhətçi, baş rəssam, texnoloq kimi çalışıb. 1958-ci ildə Brüsseldə açılan sərgidə gənc rəssamın milli üslublu “Ləbbadə” üst geyimi, eləcə də M.P.Vaqifin 250 illiyinə həsr olunmuş kompozisiyaları nümayiş etdirilib.

Sənətkar 1953-63-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında işləyib, “Böyük dayaq”, “Səhər” filmlərinin dekorator-rəssamı olub. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 1959-60-cı illərdə Azərbaycan Dövlət İncəsənət Muzeyində böyük həcmli ipək parça üçün işlədiyi “Güllər” eskizi, Rəssamlar İttifaqında “Durnalar süfrəsi” və “Durnalar rəqs edirlər” kompozisiyaları sərgilənib. O, həmçinin, Bakı Dövlət Sirkinin interyerindəki bədii dekorativ-monumental əsərlərin müəllifidir. Rəssamın Naxçıvanda mis lövhə üzərində işlədiyi “Üzümyığanlar”, Göyçayda mədəniyyət evində “Zəhmət adamları” mozaikasını və Bakıdakı “Toy” kompozisiyalarını uğurlu yaradıcılıq örnəkləri saya bilərik.

Onun yaradıcılığının müəyyən dövrünü bir çağlar uşaqların sevimli jurnalı olmuş “Göyərçin”lə əməkdaşlıq təşkil edir. Sabir müəllim 1960-65-ci illərdə jurnalda rəssam kimi fəaliyyət göstərib, maraqlı illüstrasiyalar çəkib.

Sabir Şıxlı Azərbaycanda rəssam kadrların yetişməsində ayrıca əmək sərf edib. 1963-1998-ci illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin bədii-toxuculuq və bədii-nəqqaşlıq fakültəsində baş müəllim işləyib, tələbələrinə rəssamlıq sənətinin sirlərini, incəliklərini öyrədib. 2004-cü ildə vəfat edib.

İndi rəssamlar arasında vaxtilə Sabir müəllimin tələbəsi olması ilə fəxr edənlər çoxdur. Söhbət düşəndə rəssamlar onu həmişə böyük sayğı və xoş xatirələrlə yada salırlar.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.12.