Amerikalı mütəxəssislər Bakı Xoreoqrafiya Akademiyasında olublar

 

Bakı Xoreoqrafiya Akademiyasına (BXA) mütəmadi olaraq xaricdən qonaqlar - tanınmış xoreoqraflar, incəsənət xadimləri gəlirlər.

Oktyabrın 28-də ABŞ-ın Endrüs Osborn Akademiyasının rəhbəri, fəlsəfə doktoru Larri Qudman və MK Global Enterprises şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru, fəlsəfə doktoru Maykl Krasnyanski akademiyada olublar. Onlar BXA-nın müəllimləri - Xalq artisti Yusif Qasımovun və Əməkdar müəllim Pullumb Ağalıyayın məşqlərində iştirak ediblər.

Amerikalı qonaqlar BXA-nın şagirdorta ixtisas təhsili pilləsinin tələbələrinin iştirakı ilə qurulan P.İ.Çaykovskinin Şelkunçik baletiMultikulturalizm ilinə həsr olunmuş Azərbaycan - yurdum mənim kompozisiyasının məşqlərini maraqla izləyiblər. Qonaqlar BXA ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirərək akademiyanın xoreoqraflarını ABŞ səhnələrində tamaşalar qurmağa dəvət ediblər.

* * *

Akademiyanın müəllimləri tərəfindən respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə ustad dərsləri də davam edir.

28-29 oktyabr tarixində BXA-nın müəllimləri - Prezident təqaüdçüsü Zəminə Sadıqzadə və Fərid Əliyev İsmayıllı şəhərində İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ rayonlarında fəaliyyət göstərən müxtəlif mədəniyyət müəssisələrində çalışan rəqs müəllimləri üçün ustad dərsləri keçiblər.

Həmçinin, BXA-nın təşəbbüsü ilə Gəncə Musiqi Kollecində Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı mövzusunda seminar keçirilib. Daha öncə bu mövzuda seminar Şəmkirdə təşkil olunmuşdu.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.13.