Yaponiyada Azərbaycan musiqisindən ibarət ilk diskin təqdimatı

 

 

Tokioda Azərbaycan musiqisindən ibarət ilk CD yapon musiqisevərlərə təqdim olunub. CD-nin müəllifi, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Azuma-Səfərova iştirakçıları salamlayaraq bildirib ki, layihənin məqsədi qədim və zəngin Azərbaycan musiqisini Yaponiyada təbliğ etmək, tanıtmaqdır. CD-də Azərbaycan xalq və bəstəkar musiqi nümunələri yapon zərb aləti ilə birlikdə sintez olunaraq yeni bir improvizasiyada dinləyicilərə təqdim edilir. CD-ni həm musiqi əsərlərinin satıldığı mərkəzlərdən, həm də internet satış şəbəkələri vasitəsilə əldə etmək olar.

Mərasimdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfirliyinin ikinci katibi Fuad Bağırov layihənin müəllifini təbrik edib. Bildirib ki, “Gündoğar ölkə”də Azərbaycan musiqisini əks etdirən ilk CD-nin buraxılışı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə töhfədir.

Yaponiyada yaşayan yeganə azərbaycanlı musiqiçi Gülnarə Azuma-Səfərovanın yaradıcılığı barədə danışan diplomat qeyd edib ki, Gülnarə xanımın yapon musiqiçilərlə birlikdə təşkil etdiyi konsertlər, təqdimatı keçirilən CD iki xalq arasında mədəni əlaqələri inkişaf etdirmək baxımından əhəmiyyətlidir.

Sonra CD-nin yaradıcı heyəti konsert proqramı ilə çıxış edib. Yüksək ifaçılıq tərzi, oynaq musiqi ritmləri tamaşaçıların alqışları ilə qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.16.