Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə

 

Noyabrın 8-də Bakıdakı Xətai Sənət Mərkəzində (XSM) Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil edilən Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə adlı rəsm sərgisinin açılışı oldu.

Sərginin məqsədi Azərbaycan uşaqlarının qardaş özbək xalqının adət-ənənələrini, tarixini, mədəniyyətini, mətbəxini, həyat tərzini necə gördüklərini rəsm vasitəsilə ifadə etməkdir.

Tədbiri XSM-in direktoru Zahid Əvəzov açaraq sərginin məqsədi haqqında iştirakçılara məlumat verdi. Xalq rəssamı Arif Hüseynov sərgilənən əl işlərinin insanda gözəl ovqat yaratdığını bildirdi.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov nümayiş olunan rəsmlərin ən yaxşılarının seçilərək noyabrın 25-də Daşkənddə sərgilənəcəyini vurğuladı.

Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Aminov belə bir sərginin keçirilməsindən məmnun olduğunu dilə gətirdi, gənc istedadlara uğurlar arzuladı. Sənətşünas Samir Sadıqov isə sərgini ideya-bədii cəhətdən yüksək dəyərləndirdi.

Bildirək ki, sərgidə Azərbaycanın bölgələrindən 12 yaşına qədər 78 uşağın 85 rəsmi nümayiş olunur.

 

S.Qaliboğlu

 

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.2.