Bu, təkcə teatr forumuna deyil, ümumilikdə Azərbaycana marağın göstəricisidir

 

"Multikulturalizmteatr" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı ölkəmizə gələn qonaqlara Azərbaycanda multikultural dəyərlərin hansı səviyyədə olmasını, inkişaf yolunu görmək üçün daha bir əlamətdar imkandır.

 

Bu fikri noyabrın 4-də Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən mətbuat konfransında IV Bakı Beynəlxalq Teatr Konfransının Təşkilat komitəsinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev diqqətə çatdırdı.

Nazir müavini bildirdi ki, Bakı Beynəlxalq Teatr Konfransı Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq, 2010-cu ildən etibarən iki ildən bir təşkil olunur.

Artıq dördüncü dəfə keçirilən konfransa 38 xarici ölkədən iştirakçıların qatılması təkcə bu foruma deyil, ümumilikdə Azərbaycana olan marağın göstəricisidir. Qeyd olundu ki, konfransda iştirakçıların 48 məruzəsi dinləniləcək. Konfransın materialları, iştirakçılar barədə məlumatlar Azərbaycan, rusingilis dillərində nəşr edilib, həmçinin tədbirin xatirə nişanı hazırlanıb.

Nazir müavini vurğuladı ki, dünyanın regional toqquşmalar, beynəlxalq gərginlik, terror təhlükəsi və digər təhdidlərlə üzləşdiyi və bəzi ölkələr monoetnik dövlətə çevrildiyi halda Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsi ölkəmizin dünyaya mesajıdır. Azərbaycan bütün sülhsevər ölkələrə açıq dövlətdir. Bu il 25 illiyini qeyd etdiyimiz müstəqillik dövründə siyasi, mədəni, iqtisadi - bütün sahələrdə qazanılmış uğurlar ölkəmizə maraq oyadır. Xüsusilə son illərdə ölkəmizin ev sahibliyi etdiyi Eurovision musiqi yarışması, ilk Avropa Oyunları, Formula - 1 yarışları Azərbaycanın çoxmilyonlu dünya auditoriyası qarşısında özünütəsdiqidir. Bu kimi tədbirləri izləmək üçün gələn on minlərlə insan Azərbaycanı görür, tanıyır.

Bildirildi ki, konfransın yüksək səviyyədə keçirilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Təşkilat komitəsi və işçi qərargahlar yaradılıb, 6 aydan artıq bir müddətdə bu istiqamətdə ciddi hazırlıq işləri həyata keçirilib. Paytaxtımızın teatrkonsert müəssisələri konfrans günləri üçün xüsusi repertuar tərtib ediblər. Bütün bu proqramlar ingilis dilində alt yazı ilə təqdim ediləcək. Konfransda Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası, Beynəlxalq Kukla Teatrları İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası kimi qurumlar təmsil olunacaq. Bu təşkilatların ayrılıqda öz yerli iclasları da təşkil ediləcək.

Sonra nazir müavini beynəlxalq konfransın proqramı barədə ətraflı məlumat verdi.

Bakı Beynəlxalq Teatr Konfransının Şərqi Avropada ilk belə layihə olduğunu diqqətə çatdıran Ədalət Vəliyev qeyd etdi ki, tədbirin prosesi xaricdən gələn, eyni zamanda yerli telekanal və jurnalistlər tərəfindən işıqlandırılacaq. Media nümayəndələrinin Bakı ilə yanaşı, bölgələrlə də tanışlığına şərait yaradılacaq.

Sonra nazir müavini jurnalistlərin suallarını cavablandırdı.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.4.