Bakıda beynəlxalq teatr forumu başa çatdı

 

İki ildən sonra növbəti konfransda yenidən görüşmək arzusu ilə sizlərdən ayrılırıq

 

Noyabrın 8-də IV Bakı Beynəlxalq Teatr Konfransı işini yekunlaşdırdı. Bağlanış mərasimində mədəniyyət və turizm nazirinin müavini, konfransın Təşkilat komitəsinin sədri Ədalət Vəliyev geniş nitq söylədi.

 

Maraqlı və uğurlu iki günün belə tezliklə başa çatmasından təəssüfləndiyini bildirən Ədalət Vəliyev Azərbaycan artıq dördüncü dəfədir ki, beynəlxalq teatr konfransına ev sahibliyi edir. Budəfəki konfransın coğrafiyası əvvəlkilərə nisbətən daha da genişlənib. Azərbaycanla birlikdə 39 ölkə, 151 nəfər xarici ölkə vətəndaşı forumun iştirakçısı kimi qonağımız oldu - deyə əlavə etdi.

Tədbirin əhəmiyyətindən söz açan nazir müavini ölkə Prezidentinin konfrans iştirakçılarına təbrik məktubunun dövlət tərəfindən beynəlxalq teatr forumuna ayrılan diqqətin göstəricisi olduğunu vurğuladı: Hər bir dövlət başçısının mədəniyyətə, teatra münasibəti həmin dövlətdə yaşam tərzinin göstəricisidir. Elə dövlətlər var ki, onlar xalqın mədəniyyətindən yaranıb, elə dövlətlər də var ki, öz mədəniyyətini yaradıblar. Xoşbəxtlikdən Azərbaycan dövlət quruculuğunun mədəniyyətə borclu olduğu bir məkandır. Bizim mədəniyyətimiz xalqımız ilə birgə yaranmış kateqoriyadır. Min üç yüz il əvvəl Azərbaycan dünyaya Kitabi-Dədə Qorqudu, 875 il öncə Nizami Gəncəvini bəxş etdi. Bütün əsrlərdə hakimiyyətdə olmuş hökmdarların çoxunun adı unudulsa da, böyük mədəniyyət həmin dövrü yada salmaq üçün kifayət edir. Bu mənada Azərbaycan dövləti Azərbaycan mədəniyyətinin yaşaması üçün mümkün olan hər şeyi edir. Bu, bir örnəkdir.

Azərbaycanın bu əsrdə ikinci dəfə qazandığı müstəqilliyinin 25 illiyini qeyd etdiyini deyən nazir müavini bildirdi ki, tarix qarşısında 25 il kiçik rəqəmdir, lakin bu illərdə, xüsusilə də XXI əsrin əvvəllərindən bəri Azərbaycanda mədəniyyətin, teatrın inkişafı üçün dövlət səviyyəsində nə qədər böyük işlər görülüb. Ədalət Vəliyev 2006-cı ildə ölkəmizdə teatr fəaliyyəti haqqında qanunun qəbul edilməsi, 2007-ci ildə Azərbaycan teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə dair sərəncamın verilməsi, 2009-2019-cu illər üçün dövlət proqramının təsdiq edildiyi barədə konfrans iştirakçılarına məlumat verdi.

Bildirildi ki, məhz bu qanun və proqramların qəbulu bizə beynəlxalq miqyaslı tədbirlər keçirmək, teatr binalarını əsaslı təmir edib, yenidən qurmaq imkanı yaradır. Bu proses təkcə paytaxt teatrlarını deyil, həm də bölgə teatrlarını əhatə edir. Üstəlik, bütün bu işlər, teatr binalarının saxlanma xərcləri, teatrlarda çalışanların əmək haqqı dövlətin ayırdığı vəsait hesabına ödənilir. Hazırda Azərbaycanda 26 dövlət teatrının, Üns yaradıcılıq səhnəsinin, Bələdiyyə teatrının, eləcə də 56 Xalq teatrının fəaliyyət göstərdiyini bildirən Ədalət Vəliyev söylədi ki, son illər ölkədə tamaşaya qoyulmuş 873 tamaşanın 270-i dövlət vəsaiti hesabına səhnələşdirilib. Teatrlar 28 xarici ölkədə 83 dəfə qastrol səfərində olublar. Azərbaycan teatrşünasteatr tənqidçilərinin otuzdan artıq kitabı çap olunub. Üçcildlik Azərbaycan teatr ensiklopediyası ilk dəfə çapa hazırdır. 13 teatrda gənclər üçün yaradıcılıq studiyası yaradılıb. Bundan başqa, bu il 15 gənc Moskvada Vaxtanqov teatr məktəbinə daxil olub. Bütün bu işlər dövlət vəsaiti hesabına edilir.

Ədalət Vəliyev çıxışında Azərbaycan teatrının beynəlxalq əlaqələrinin də genişləndiyindən danışdı. Qeyd etdi ki, müstəqillik illərində teatrlarımız profillərinə uyğun olaraq müxtəlif beynəlxalq teatr qurumlarına üzv olublar, həmin qurumların bəzi tədbirləri artıq ölkəmizdə də keçirilib. Ölkənin teatr həyatı qaynar mədəni həyatın bir hissəsidir. Əgər artıq ənənə halını almış musiqi, kino, rəssamlıq və mədəniyyətin digər sahələri ilə bağlı festival və müsabiqələri də əlavə etsək, məlum olar ki, Azərbaycanda demək olar ki, hər həftə ən azı bir beynəlxalq miqyaslı tədbir keçirilir.

Natiq çıxışının sonunda IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən, çıxış edən hər kəsə minnətdarlığını bildirdi. Onlara Azərbaycandan elə Azərbaycan boyda sevgi aparmalarını, iki ildən sonra V konfransda yenidən görüşməyi arzuladı.

Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.6.