Muzey sərvətlərinin elektron portalının təqdimatı keçirildi

 

Noyabrın 4-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində muzey sərvətlərinin elektron portalının təqdimat mərasimi keçirildi.

 

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin aidiyyəti üzrə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən muzeylərin nümayəndələri iştirak edirdi.

Mərasimdə çıxış edən nazir müavini Sevda Məmmədəliyeva Mədəniyyət və Turizm Nazirliyi sistemində 219 muzey müəssisəsinin fəaliyyət göstərdiyini bildirdi. Son illər ölkəmizdə muzey işinin təşkili sahəsində görülən işlərdən danışdı: Ölkəmizdə muzey işi sahəsində köklü islahatlar aparılır. Son bir neçə il ərzində Prezident İlham Əliyev muzey işinin inkişafına yönəlmiş 15-dən çox sərəncam imzalayıb. Respublikamızın şəhər və rayonlarında müasir standartlara uyğun muzey binaları istifadəyə verilir, muzey ekspozisiyaları yenidən təşkil olunur.

Vurğulandı ki, muzey işinin inkişaf etdirilməsi mədəni irsimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması üçün həyata keçirilən dövlət strategiyasının əsas hissəsidir.

Nazir müavini qeyd etdi ki, muzey sərvətlərinin elektron portalında vahid məlumat sistemi qurulub, istifadəçi interfeysləri hazırlanıb. Muzeylərin fondlarında qorunub saxlanılan muzey əşyalarının bu portala daxil edilməsi eksponatların mühafizəsi və qeydiyyatını asanlaşdıracaq.

Sonra Adzone şirkəti tərəfindən hazırlanan muzey sərvətlərinin elektron portalın təqdim olundu.

Tədbirdə həmçinin muzey işçiləri üçün portaldan istifadə qaydalarından bəhs edən treninq də təşkil edildi. Məlumat verildi ki, ölkəmizdə fəaliyyət göstərən muzeylərin daimi mühafizəsi üçün portal yalnız daxili istifadə üçün nəzərdə tutulub.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.8.