“İrəvan xanlığı” kitabının ərəb dilində nəşrinin təqdimatı keçirildi

 

Noyabrın 6-da IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın Tarix İnstitutu ilə birgə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəb dilində nəşrinin təqdimatı keçirildi. Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə hazırlanan kitabı ərəb dilinə beynəlxalq teatr konfransının iştirakçısı Abdel Rahman Al Xamissi (Misir) tərcümə edib.

 

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycan tarixinin, xalqımızın dövlətçilik salnaməsinin mühüm səhifələrini təşkil edən İrəvan xanlığı, bu qədim yurd yerimizlə bağlı kitabın əhəmiyyətindən bəhs etdi. O, AMEA-nın Tarix İnstitutunda bu sahədə uğurlu araşdırmalar aparıldığını, təqdim olunan kitabın ingilis, rus, rumın, italyan, ispan dillərinə tərcümə olunduğunu diqqətə çatdırdı. Bildirildi ki, ötən il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab yarmarkasında kitabın italyan dilində nəşrinin təqdimatı olub.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Multikulturalizmteatrmövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Azərbaycan tarixinin vacib bir hissəsinə aid olan kitabın ərəb dilində nəşrinin təqdimatının keçirilməsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, ölkə başçısının xüsusi diqqət və qayğısı ilə dördüncü dəfə təşkil olunan beynəlxalq konfransın “Multikulturalizm ili”ndə gerçəkləşməsi xüsusilə əlamətdardır: “Azərbaycanda tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət tarixin bütün dövrlərində mövcud olub. Bu, xalqımızın yüksək mədəni həyat tərzinin göstəricisi kimi indidavam edir”.

Nazir müavini vurğuladı ki, soydaşlarımız tarixi torpaqlarımız olan İrəvan xanlığının ərazisindən qovulub, tarixi memarlıq abidələrimiz dağıdılıb. 1881-ci ildə İrəvanda azərbaycanlıların əsasını qoyduğu, sonralar İrəvan Azərbaycan Dövlət Dram Teatrı adlanan mədəniyyət ocağımızın fəaliyyətinə 1988-ci ildə son qoyulub. Multikultural dəyərlərə böyük əhəmiyyət verilən Azərbaycanda bu gün rus, gürcü və ləzgilərin teatrları fəaliyyət göstərir.

Tarix İnstitutu tərəfindən fundamental tədqiqatların aparıldığını söyləyən Ədalət Vəliyev “İrəvan xanlığı” kitabının tariximizlə bağlı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox önəmli əsər olduğunu qeyd etdi.

A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevin elmə, tariximizin tədqiqinə daim xüsusi diqqət və qayğı göstərdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, “İrəvan xanlığı” əsəri də dövlət başçısının təşəbbüsü ilə yazılıb və müxtəlif dillərə tərcümə olunub.

Alim diqqətə çatdırdı ki, ermənilər XIX əsrdə Cənubi Qafqaza, Azərbaycan torpaqlarına köçürülüblər. Onların bu ərazilərdə tarixi torpaqları yoxdur. İrəvan xanlığının yarandığı ərazi qədim Azərbaycan-türk torpaqlarıdır. “İrəvan xanlığı” kitabında bu həqiqətlər əksini tapıb.

Milli Məclisin deputatları Fəzail İbrahimli, Aydın Mirzəzadə, Hüseynbala Mirələmov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev, ərəbcə nəşrin məsul redaktoru, BDU-nun dosenti Gülnur Mahmud və digər çıxış edənlər də İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən bəhs etdilər. Bildirildi ki, son illər Tarix İnstitutunda ərsəyə gələn kitablar xarici dillərdə Moskva, İstanbul, Ankara, İslamabad, Budapeşt, Kiyev, London, Nyu-York, Roma və Los-Ancelesdə də nəşr olunub.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzinin müdiri Əhməd Sami əl-Aydi “İrəvan xanlığı” kitabının ərəb dilinə tərcümə edilməsinin əhəmiyyətini qeyd etdi.

Sonda tədbir iştirakçıları Tarix İnstitutu tərəfindən nəşr olunan kitablardan ibarət sərgiyə baxdılar.

Qeyd edək ki, “İrəvan xanlığı” kitabı 2012-ci ildə Dövlət mükafatına layiq görülüb. Nəşrin elmi redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.9.