Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvləri bir araya gəliblər

 

 

IV Bakı Beynəlxalq Teatr Konfransında Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının (BTTA) müxtəlif ölkələrdən üzvləri də iştirak edirlər.

Noyabrın 7-də BTTA üzvləri - Nalan Özübek (Türkiyə), İrina Antonova (Rusiya), Arun Naik (Hindistan), Savas Patsalidis (Yunanıstan) qurumun azərbaycanlı üzvləri ilə görüşdülər.

Toplantını aparan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Məryəm Əlizadə və universitetin professoru İsrafil İsrafilov qonaqların konfrans barədə fikirləri ilə maraqlandılar, dinlənilən məruzələr ilə bağlı təəssüratlarını soruşdular. Onlar Azərbaycan teatrı və teatrşünaslıq elmi barədə qısa məlumat verərək BTTA ilə əməkdaşlığın əhəmiyyətindən bəhs etdilər, assosiasiyanın Azərbaycan təşkilatında gənclərin sayının artmasının sevindirici hal olduğunu vurğuladılar. Qeyd olundu ki, BTTA-nın tədbirlərində iştirak edərək öz fikrini ingilis dilində sərbəst çatdırmağı, ingilisdilli mətbuatda çıxış etməyi bacaran gənc teatr tənqidçilərinin sayının artması Azərbaycan teatrı barədə dünyaya daha çox söz demək imkanı verir.

Mədəniyyət və İncəsənət Universitetinin professoru Rafiq Sadıqov təklif etdi ki, BTTA-nın növbəti tədbirlərindən biri Azərbaycanda keçirilsin. Bu həm Azərbaycan teatrının təbliği, həm də xarici ölkələrdəki həmkarlarımızın ölkəmiz barədə, milli teatr məkanındakı proseslər haqqında təəssüratının formalaşmasına kömək edəcək.

Toplantıdan sonra qonaqlar Dövlət Yuğ Teatrında Mikayıl Mikayılovun quruluşunda Vladimir Klimenkonun "Medeya. Sekvensiya 001" tamaşasına baxdılar.

 

Gülcahan

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.9.