Gənc bəstəkarın yeni uğuru

 

Paytaxtın G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin məzunu Arzu Abbasova ABŞ-ın Nyu-York şəhərində keçirilən Muse (Multicultural Sonic Evolution) gənc bəstəkarların IV beynəlxalq müsabiqəsinə təqdim etdiyi Qütb ulduzu əsəri birinci yerə layiq görülüb. Qalib əsər noyabrın 19-da Nyu-Yorkda Sounds of Arts festivalında səsləndiriləcək.

Pikə Axundovanın yetirməsi olan gənc bəstəkarın 2015-ci ildə bəstələdiyi Qütb ulduzu əsəri bu ilin aprelində Mədəniyyət Turizm Nazirliyi ilə Rusiyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan Rodniki duşi müsabiqəsində 1-ci yeri qazanıb.

A.Abbasova 2014-cü ildə Rusiyada keçirilən gənc bəstəkarların XII beynəlxalq müsabiqəsində Nağıllar aləmində əsəri, 2015-ci ildə Nyu-Yorkda İtaka gənc qadın bəstəkarların beynəlxalq müsabiqəsində Dalğaların rəqsi əsəri Qazaxıstanda keçirilən XXI əsrin istedadları musiqi yarışmasında bəstəkarlıq nominasiyası üzrə Bayram sevinci əsəri ilə qalib olub. Ötən il ABŞ-da keçirilən Samadis beynəlxalq müsabiqəsində bəstəkarın Mövzu variasiyalar əsəri xüsusi fərqlənərək qaliblərin konsert proqramına daxil edilib.

A.Abbasova ADA Universitetinin beynəlxalq münasibətlər fakültəsinin birinci kurs tələbəsidir.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.11.