Romada Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə konsert

 

Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya Luigi Cherubini Musiqi Konservatoriyası ilə birgə konsert təşkil edib.

Romanın Palazzo della Cancelleria salonunda keçirilmiş tədbirdə İtaliyanın dövlət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, incəsənət xadimləri iştirak ediblər. Səfir Məmməd Əhmədzadə ölkəmizin müstəqillik illərindəki uğurları, xarici siyasəti, İtaliya ilə əməkdaşlığı, xüsusilə mədəniyyət sahəsində əlaqələri haqqında danışıb.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina Azərbaycanın multikulturalizm ənənələrindən, ölkəmizin regionda oynadığı önəmli roldan bəhs edib.

Konsertdə pianoçu, Xalq artisti Yeganə Axundova və skripkaçı, Xalq artisti Zəhra Quliyeva, italiyalı tenor Leonardo De Lisiviolonçel ustası Pierluici Ruccieronun ifasında italyan və Azərbaycan bəstəkarlarının əsərləri auditoriya tərəfindən hərarətli alqışlarla qarşılanıb. Tenor Leonardo De Lisinin Üzeyir Hacıbəylinin Sevgili canan romansını ifa etməsi isə tamaşaçıların xüsusi marağına səbəb olub.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.12.