Vyanada Bəhram Bağırzadənin karikaturafoto sərgisi açılıb

 

 

Vyanada Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar artist Bəhram Bağırzadənin əsərlərindən ibarət sərgi açılıb.

Mərasimdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovVyana Beynəlxalq Mərkəzi İncəsənət Klubunun prezidenti Raymond Nader çıxış ediblər. Qeyd olunub ki, Vyana Beynəlxalq Mərkəzində mütəmadi şəkildə müxtəlif incəsənət janrlarında sərgi və tədbirlər keçirilsə də, indiyədək karikatura sərgisi təşkil edilməyib. B.Bağırzadənin karikaturalarından ibarət sərgi bu qəbildən ilk tədbirdir. Çıxış edənlər sərginin ərsəyə gəlməsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin aparıcı əməkdaşı Bəxtiyar Siracova göstərdiyi dəstəyə görə təşəkkür ediblər.

Sərgidə Bəhram Bağırzadənin digər iki layihəsində əksini tapan fotolar da nümayiş etdirilib. O, qonaqlara sərgi haqqında məlumat verərkən bildirib ki, “Bakı dünən və bu gün” kitabında toplanan fotolarda şəhərin bir əsr bundan əvvəlki görüntüləri müasir mənzərələrlə müqayisəli şəkildə təqdim olunur. Digər layihədə isə 2003-2015-ci illərdə Azərbaycan paytaxtında inşa edilmiş memarlıq abidələrinin bir qismi əksini tapıb. Müəllif tədbir iştirakçılarını Azərbaycanın paytaxtı ilə yaxından tanış olmaq üçün Bakıya səfərə dəvət edib.

Vyana Beynəlxalq Mərkəzində sərgi noyabrın 18-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.2.