Koreya Respublikasında Azərbaycan günü

 

Koreya Respublikasının paytaxtı Seulda keçirilən türkdilli dövlətlərin mədəniyyət festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın milli günləri təşkil olunub.

 

Azərbaycanın Seuldakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival Koreyada türkdilli ölkələri daha yaxşı tanıtmaq və qarşılıqlı mədəniyyət mübadiləsi aparmaq məqsədi daşıyır.

Azərbaycan günündə rəqqaslar, solistlər, saz ifaçıları, instrumental musiqiçilər koreyalı sənətsevərlər qarşısında milli musiqimizi təqdim ediblər.

Konsertdən əvvəl çıxış edən ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov deyib ki, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə və Dövlət Bayrağı Gününə təsadüf edən Azərbaycan günü iki dövlət və xalq arasında mədəni əməkdaşlıqda əlamətdar hadisədir.

Koreya Milli Muzeyində təşkil olunan konsertdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz təqdim olunub. Natiq ritm qrupu Atəşgah və Qaytağı kompozisiyalarını təqdim edib. Muğam instrumental ansamblının, solistlər İlkin Əhmədov və Arzu Əliyevanın ifasında muğam və təsniflər, Sarı gəlin mahnısı, xalq rəqslərinin musiqisindən ibarət popuri, pianoçu Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun ifasında isə Zibeydə mahnısı və Yeddi gözəl valsı səslənib.

Konsertin keçirildiyi Koreya Milli Muzeyində Azərbaycanın mədəniyyətini, təbiətini, memarlıq abidələrini, görməli yerlərini, mətbəxini əks etdirən fotolardan, habelə milli geyimlərdən ibarət sərgi də təşkil edilib.

 

 

 

 

 

Noyabrın 13-dək davam edəcək mədəniyyət festivalı çərçivəsində Azərbaycan incəsənət ustaları Qimhae şəhərində də konsert proqramı təqdim edəcəklər. Bu çərçivədə təşkil olunan film festivalında rejissor Rövşən İsaxın Aktrisa filmi Koreya dilində subtitrlə nümayiş olunacaq.

Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.6.