“Turistlərin ölkəmizdə mənalı istirahəti üçün bütün addımlar atılacaq”

 

 

Mədəniyyət və turizm naziri "Əl-Cəzirə" telekanalına müsahibə verib

 

Noyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətərin dünyaca məşhur "Əl-Cəzirə" telekanalına müsahibə verib.

Nazir telekanalın Bakıda səfərdə olan Türkiyə təmsilçisinə müsahibəsində ölkəmizdə turizm sənayesinin inkişafı üçün atılan addımlardan danışıb.

Bildirib ki, bu sahənin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Son illər həyata keçirilən tədbirlərdən bəhs edən nazir viza sisteminin sadələşdirildiyini, bir sıra ölkələrin vətəndaşları üçün isə birbaşa hava limanlarında vizaların verildiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, Azərbaycanın zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, tarixi-memarlıq abidələri, həmçinin yaradılan yeni turizm infrastrukturu, vizaların rahat şəkildə əldə olunması ölkəyə gələn xarici turistlərin sayının ildən-ilə artmasına səbəb olur.

Nazir qeyd edib ki, bu il ərzində xüsusilə ərəb ölkələrindən gələn turistlərin sayı dəfələrlə artıb. Ərəb ölkələrindən turistlərin Azərbaycana səfərlərinin artması bir tərəfdən viza sisteminin sadələşdirilməsi ilə bağlıdırsa, digər tərəfdən də xalqımızın yüksək qonaqpərvərliyi, dini birlik, mədəni və tarixi bağlılıqla əlaqədardır.

Əbülfəs Qarayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bundan sonra da xarici turistlərin ölkəmizdə rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.8.