Naxçıvanda Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib.

 

Muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək sənətkarın ömür yolundan, yaradıcılığından söz açıb. Qeyd edib ki, Azərbaycan tarixində onlarla xalqımıza böyük simalar bəxş etmiş tanınmış nəsillər var. Professor Tofiq Bakıxanov da belə bir nəslin nümayəndəsidir. Bildirilib ki, bəstəkar dəfələrlə Naxçıvanda olub, burada onun 75 və 80 illik yubileyləri qeyd olunub. T.Bakıxanova muxtar respublikanın Əməkdar incəsənət xadimi fəxri adının verilməsi də sənətkarın musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə verilən qiymətin ifadəsidir.

Vurğulanıb ki, opera istisna olmaqla, bütün musiqi janrlarında əsərlər yazan T.Bakıxanovun “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyaları, “Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər” baletləri, simfonik əsərləri, violonçel, tar, fortepiano üçün bəstələdiyi konsertlər, mahnı və romansları, kino musiqisi onun zəhmət və istedadının vəhdətini göstərən nümunələrdir.

Bəstəkar 100-dən çox mahnının müəllifidir. Onun “Sevən könül”, “Görüş yerimiz”, “Qurban olduğum”, “Könlüm səni arzular” və digər nəğmələri bu gün rəğbətlə dinlənilir. Əsərləri Fransa, Rusiya, İran, Türkiyə, Rumıniya, Bolqarıstan və başqa ölkələrdə səslənib.

Tofiq Bakıxanov haqqında qısametrajlı film göstərildikdən sonra bəstəkarın əsərlərindən ibarət konsert olub. Naxçıvan Dövlət Filarmoniyası Xalq çalğı alətləri orkestri (bədii rəhbər və baş dirijor muxtar respublikanın Əməkdar artisti Elman Əliyev) və solistlər bəstəkarın müxtəlif janrlı əsərlərini səsləndirib. “Naxçıvan” simfoniyettası, “Naxçıvanım”, “Bəslər”, “Səbir elə”, “Səninlə bağlıdır bəxtiyarlığım” mahnıları, tarfortepiano üçünGörüş yerimiz” əsəri, tarorkestr üçün 1 nömrəli konsert böyük maraqla dinlənilib.

Tədbirin sonunda Tofiq Bakıxanov çıxış edərək təşkil edilən konsertə görə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.11.