Vətənin böyük tərənnümçüsü TÜRKSOY-da yad edildi

Xəbər verdiyimiz kimi, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 110 illiyi Ankarada silsilə tədbirlərlə qeyd edilir.

 

Noyabrın 15-də TÜRKSOY-un Ankaradakı qərargahında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə sərgi, təqdimat və konfrans keçirildi.

Əvvəlcə Azərbaycan Milli Kitabxanasının fondundan şairin yaradıcılığı ilə bağlı kitabların sərgisi və Səməd Vurğunun ev-muzeyinin fondunda qorunan fotolardan ibarət sərgi açıldı. Milli Kitabxana tərəfindən çap olunmuş Səməd Vurğun. Biblioqrafiya kitabının təqdimatı da oldu.

Sonra konfrans işə başladı. Açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk dünyasının ünlü şairlərindən Səməd Vurğuna həsr etdikləri tədbirdə iştirakından məmnunluğunu dilə gətirdi: Türk mədəniyyətini gələcək nəsillərə daşıyan TÜRKSOY xalqlarımızın parlaq şəxsiyyətlərinin də yaxından tanıdılmasına çalışır. Görkəmli ədib və mütəfəkkirlərimizlə bağlı yubiley və anım tədbirləri artıq ənənə halını alıb.

Baş katib Səməd Vurğuna həsr etdikləri tədbirin də böyük şairin türk dünyasında daha geniş tanıdılmasına xidmət etdiyini bildirdi: Yurdunun sevdalısı olan şair bir çox şeirlərini öz vətəninə həsr edib. D.Kaseinov çıxışını şairin Azərbaycan şeirindən bir parça söyləməklə bitirdi.

Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman zənginliyi ilə seçilən Azərbaycan ədəbiyyatı və poeziyasının türk dünyası ədəbiyyatında önəmli yer tutduğunu vurğuladı: Bütün ölkələri kimlikləri ilə var edən, incəliklərini ortaya qoyan şəxsiyyətlər mühüm insanlardır. Səməd Vurğun da Azərbaycan türkünün özünü ifadə etməsində önəmli rol oynayıb. Belə şəxsiyyətlərin anım tədbirlərini keçirdiyi üçün TÜRKSOY-a minnətdarlığımızı bildiririk.

Konfransda çıxış edən Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, Azərbaycanın görkəmli ədiblərinə, incəsənət adamlarına həsr edilən tədbirləri çox vaxt TÜRKSOY-un dəstəyi ilə qeyd etmişik: O insanların hər biri türk söz xəzinəsinə, mədəniyyətinə töhfələr verib. Bu baxımdan burada keçirdiyimiz tədbir çox önəmlidir. Səməd Vurğun çox ağır və ziddiyyətli bir dövrdə fəaliyyət göstərib. Amma onun yaratdığı əsərlər həm Azərbaycan, həm də türk dünyası üçün çox önəmli idi. O, hər bir əsərində Azərbaycana olan məhəbbətini, humanizmini mənəvi əsaslarla insanlara çatdırmaq istəyirdi.

Vaqif Əliyev şairin yaradıcılığının mühüm bir hissəsini dram əsərlərinin təşkil etdiyini dedi, onun Vaqif dramının əhəmiyyətindən söz açdı. Bildirdi ki, bu əsər eyni zamanda görkəmli şair Molla Pənah Vaqifi daha geniş miqyasda tanıtdı.

Səməd Vurğunun multikultural dəyərlərə də önəm verdiyini deyən Vaqif Əliyev onun müxtəlif dillərdən Azərbaycan dilinə əsərlər tərcümə etdiyini diqqətə çatdırdı.

Vurğulandı ki, böyük şair əsərləri ilə Azərbaycan şeriyyətinin inkişafına təkan verib: Səməd Vurğun qısa ömür yaşasa da, böyük işlər görüb. Bu gün Azərbaycanda onun heykəlləri qoyulub, adı əbədiləşdirilib.

Sonra şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildi.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov şairin yaradıcılığı ilə bağlı fikirlərini belə ifadə etdi: Səməd Vurğun haqqında danışmaq xalq poeziyası, dastanları, folklorundan danışmaq deməkdir. Onun yaradıcılığı bütövlükdə Azərbaycan deməkdir və çağdaş Azərbaycan ədəbi dilinin yaradıcılarından biridir. O, böyük düşüncə adamıdır. Şairi Sovet İttifaqında sevir, ona Qafqazın ağsaçlı qartalı deyirdilər.

Qazi Universitetinin müəllimi Aysin Demirez Güner Səməd Vurğunun Azərbaycan ədəbiyyatının böyük şairlərindən biri olduğunu qeyd etdi: O, sovetlər zamanında Azərbaycan dilində gözəl əsərlər yaradıb. Şeirlərində Azərbaycan, Türkiyə və Rusiya şairlərinin təsirləri də görünür. Şairin özünəməxsus üslubu olub.

Karabük Universitetinin müəllimi Yıldız İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova da öz çıxışlarında şairin yaradıcılığından söz açdılar.

Toplantının sonunda Əməkdar artist Mehriban Zəki şairin şeirlərini səsləndirdi.

Qeyd edək ki, noyabrın 17-də Türkiyə Milli Kitabxanasında Səməd Vurğunun həyat və yaradıcılığına həsr edilən fotokitab sərgisi nümayiş etdiriləcək.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.2.