Karmen: ehtirasın səslənişi özündən gözəl olanda...

 

Heç düşündünüzmü ki, Karmen barədə az-çox məlumatı olan kəs niyə onu bu qədər sevir? Əlbəttə, söhbət Karmen operasından gedir. Əsərin ilk nümayişindən keçən 140 ildə işvəkar və ehtiraslı qaraçı qızının adından ilhamlanaraq musiqiyə və sənətə heç bir aidiyyəti olmayan çevik işbazların yaratdığı onlarla ticarət markasında işimiz yox...

 

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı klassik musiqi xiridarlarını Jorj Bizenin Karmen operasının növbəti nümayişi ilə sevindirdi. Həmişə yeni səslərin, istənilən opera tamaşasının afişasını bəzəyəcək isimlərin axtarışında olan teatr rəhbərliyi bu dəfə də operasevərlərə əsl sənət zövqü yaşatdı.

Dörd ölkə (Azərbaycan, Rusiya, UkraynaPolşa) sənətçilərinin təqdim etdiyi Karmenin mövsümün ən uğurlu tamaşalarından biri olacağı artıq bəllidir.

Karmen partiyasını bu dəfə Vroslav Opera Teatrının solisti İrina Jitinskaya ifa edirdi. Avropa ölkələrində yaddaqalan qastrol tamaşaları oynamış, Lissabonda beynəlxalq opera festivalında Karmen partiyasının ən yaxşı ifaçısı kimi mükafatlandırılmış polşalı xanım ilk dəfə çıxdığı Bakı səhnəsində sübuta yetirdi ki, bu mükafat onun halal haqqı imiş.

Vokalçının güclü metso-soprano səsinə model görünüşünü, mimik cizgilərdən səxavətlə istifadə edən aktrisalıq bacarığını rəqqasə plastikasını, səhnədə klassik vokal ifaçısından xeyli fərqli sərbəstliyini, vücudunun incəliklərini daha qabarıq göstərən cəsarətli geyimini əlavə edin izləyicilərin bu ifadan aldığı zövqün dərəcəsini müəyyən edin.

Xoze partiyasını bizim səhnədə özünü doğma məkandakı kimi hiss edən, əvvəllər Karmen operasında oxumaq üçün ölkəmizə gəlmiş Ukraynanın Xalq artisti Andrey Romanenko ifa etdi. Birinci pərdədə o bir qədər çaşqın, quru təsir bağışlasa (bəlkə bu, vokalçının qəlbi kimi gözəlliyi saf olan Mikaela (Əməkdar artist İnarə Babayeva) ilə işvəkar Karmenin arasında gerçəkdən özünü itirməsindən irəli gəlirdi) da, növbəti səhnələrdə biz əsl Xozeni - qadın ehtirasının toruna düşüb hərbçi karyerasını, sevgilisini nəhayət, azadlığını itirən Xozeni görüb dinləyə bildik.

Eskamilyo... Budəfəki cəsur toreador Eskamilyo təkcə tamaşa iştirakçılarının deyil, həm tamaşaçılarının səhnəyə gəlişini çoxdan gözlədiyi qəhrəman idi. Azərbaycan tamaşaçısının hələ Bakılı oğlanlar komandasının zəfər dövründən yaxşı tanıdığı, hazırda Moskvada Bolşoy Teatrın solisti olan soydaşımız Elçin Əzizov təxminən iki il idi ki, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində çıxış etməmişdi. gizlədək, bu Karmenin elə əsl favoriti elə dünyanın ən böyük opera səhnələrində müntəzəm çıxış edən soydaşımız idi. Karmen operasının fabulasına görə, Eskamilyonun partiyası o qədər böyük deyil, o, səhnədə Xoze qədər görünmür. Amma Karmenin qəlbi uğrunda savaşda onun qalibiyyət şansı, tütün fabrikində işləyən adi qaraçı qızı cəmiyyətin sayılıb-seçilən xanımı məqamına gətirmək hünəri böyükdür. Elə Karmen bunları nəzərə alıb Eskamilyonu seçir. Onu qarabaqara izləyən, qısqanclıqdan dəli olacaq hala gəlmiş Xozenin təhdidlərini saya salmadan toreadoru seçir.

Həmin axşam bizim operasevərlər öz teatrımızın solistlərinin ilhamlı oyunundan güclü səsindən kifayət qədər zövq aldılar. Teatrın solistləri heç qastrolçuların kölgəsində qalmadılar. İnarə Babayevanın hər tamaşadan-tamaşaya təkmilləşən aktyorluq qabiliyyəti onun büllur kimi incə sopranosunu dinləyiciyə daha da sevdirir. Onun Mikaelası hər şeyə rəğmən Xozeni sevən, onun kəndə həmişəlik qayıdacağına inanan, nişanlısının ardınca təhlükəli situasiyalara düşməkdən çəkinməyən bir qızdır.

Xalq artisti Əli Əsgərovun bas səsi səhnə cazibəsi istənilən tamaşaya rəng qatmağa qabildir. Tütün fabrikinin qızlarına gözü düşən kapitan Suniqo onun ifasında istər qarşılaşdığı Xoze ilə, istərsə Eskamilyo ilə tən bərabər idi. Teatrın iki gözəl xanımı - əməkdar artistlər Gülnaz İsmayılova (Fraskita) Səbinə Əsədova (Mersedes), eləcə solistlər Tural Ağasıyev (Morales, Dankayko) Əliəhməd İbrahimov (Romendado) əsas partiya ifaçılarının fonunda statist görünmürdülər. Onların hər biri tamaşaçılardan öz alqış payını aldı.

Opera tamaşasından danışıb onun dirijorunu unutmaq olmaz. Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin musiqiyə ifa etdiyi əsərə bəslədiyi böyük məhəbbətindən yaranan çılğın idarəçiliyi elə Jorj Bizenin musiqisindəki ehtirasa bərabər idi.

* * *

Heç düşünmüsünüz ki, niyə Karmen operası barədə az-çox məlumatı olan hər kəs onu niyə bu qədər sevir? Axı, əsl sevgiyə inanmayan, öz gözəlliyini, ehtirasını istəklərinin alətinə çevirən Karmen kimdi ki, ona bu qədər məhəbbət bəslənilsin? Niyə bütün metso-soprano səsli vokalçılar bu partiyanı ifa etmək eşqi ilə yaşasın? Əslində opera heç də əvvəldən belə şöhrət qazanmayıb. Karmen 1875-ci il martın 3-də ilk dəfə Parisin Opera-komik teatrında oynanılanda iflasa uğrayıb. Bəstəkar Jorj Bize opera kimi elitar bir janrda ilk dəfə xalq arasından çıxmış sadə qaraçı qızını baş qəhrəman etdiyi üçün tənqid atəşinə tutuldu. Otuz il əvvəl Prosper Merimenin Karmeni novella qəhrəmanı kimi ədəbiyyata gətirməsini ona bağışlayan cəmiyyət əxlaqi normaları özünə qalxan edib bəstəkara hücum çəkdi. Yeri gəlmişkən, bəstəkar elə həmin il 37 yaşında ürək tutmasından vəfat etdi. Bəlkə onun ölümünü tezləşdirən elə Karmen üzündən rastlaşdığı haqsız iradlar, yersiz tənqidlər oldu? Hər halda Karmen XXI əsrdə J.Bizenin ən məhşur əsəri olaraq qalır. Səbəb? Bu suala ən qısa cavabı elə Prosper Merime özü verib: Hətta bədniyyətli ehtirasın içindəki enerji bizdə heyrət istər-istəməz bir qədər heyranlıq doğurur.

Başqalarını deyə bilmərik, amma siz əsl musiqisevərlərdən soruşun ki, Karmeni niyə sevirsiniz? Hər kəs qəhrəmanların düşüncəsini, ruhunu, məramını arxa planda qoyub Jorj Bizenin damarda qan coşduran gözəl musiqisinə heyranlığını deyəcək. Ötən şənbə olduğu kimi, baxdığın tamaşa da sənin zövq almaqla bağlı gözləntilərini doğruldursa, xoş halına.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.6.