Gənc Tamaşaçılar Teatrının aktyorları Rusiyadan mükafatlarla qayıdıb

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) yaradıcı heyəti Rusiya Federasiyası Kalmıkiya Respublikasında qastrol səfərini uğurla başa vuraraq vətənə dönüb. Budəfəki qastrol B.Basanqov adına Kalmık Milli Dram Teatrının 80 illik yubileyinə təsadüf edib.

 

Yubiley mərasimi Kalmık Milli Dram Teatrının tarixindən bəhs edən videoçarxla başlayıb. Kalmıkiya Respublikası dövlət rəsmilərinin çıxış etdikləri mərasimdə Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist, Kalmıkiyanın Əməkdar incəsənət xadimi Mübariz Həmidov həmkarlarını yubiley münasibətilə təbrik edib, Rusiya-Azərbaycan teatr əlaqələrinə töhfə verən iki kollektivin yaradıcılıq münasibətlərini yüksək qiymətləndirib. O, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Kalmık Dram Teatrına ünvanladığı təbrik məktubunu kollektivə təqdim edib.

Sonra Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları İlham Əsədov və Səbinə Məmmədovanın ifasında Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kompozisiya təqdim olunub.

Qastrol çərçivəsində Gənc Tamaşaçılar Teatrının repertuarından bolqar yazıçısı P.PançevinDörd əkizin nağılı” və B.Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri “Qohumlar” tamaşası göstərilib.Qohumlar” ötən ay kalmık teatrının heyəti Bakıda olarkən nümayiş olunmuşdu. Teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Boris Manciyevin hazırladığı tamaşa bu dəfə də eksperiment şəklində təqdim olunub. Əsas rollar Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık Dram Teatrının aktyorları tərəfindən ifa edilib.

Qastrol səfərinin bağlanış mərasimində Əməkdar artist Şövqi Hüseynovaktyor İlham Əsədov “Kalmıkiya Respublikasının Əməkdar artisti” fəxri adına, aktyor Elnur Kərimov “Stanislavski” medalına layiq görülüblər. Bundan başqa, əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya Respublikası Mədəniyyət və Turizm NazirliyiTeatr Xadimləri İttifaqının diplom və fəxri fərmanları ilə təltif olunublar.

Mərasimdə Kalmık Milli Dram Teatrının baş direktoru Q.Şurayeva və bədii rəhbəri B.Manciyev qarşılıqlı qastrol səfərlərinə görə Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür ediblər. GTT-nin direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov iki teatr arasında yeni layihələrin həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.6.