Bakı Uşaq Teatrı İstanbulda beynəlxalq festivalda iştirak edir

 

İstanbulda 11-ci Biləcik Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib. Festivalda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı da iştirak edir.

Açılışda Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcı, İstanbul şəhərinin mədəniyyət və turizm müdiri Nedret Apaydın, Bəyoğlu və Biləcik bələdiyyə başqanları Əhməd Misbah Dəmircan və Səlim Yağcı, digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edən nazir Nəbi Avcı Biləcik Teatr Festivalının 10 ildən bəri uğurla həyata keçirildiyini deyib, qardaş ölkə Azərbaycanın bu festivalda iştirakının sevindirici hal olduğunu söyləyib.

Mərasimdə festival iştirakçılarından üç sənət adamına Qızıl çınar mükafatı təqdim edilib. Onların arasında Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan da var.

Bakı Uşaq Teatrı festivalda Vətən və Sıravi Dursun adlı iki tamaşa ilə çıxış edəcək. Festival noyabrın 15-dən 30-na kimi davam edəcək.

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.7.