Azərbaycan kitabları İstanbul sərgisində nümayiş olunur

 

 

Noyabrın 12-də İstanbulda 35-ci beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Sərgidə 20-dən çox ölkənin minə yaxın kitab sənəti və nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edir.

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmiz də təmsil olunur. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Milli ekspozisiyamız Bakının rəmzi sayılan Qız qalası və qala divarlarının təsviri əsasında 42 kvadratmetrlik sahədə qurulan stenddə təşkil edilib. Burada Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyiyerli nəşriyyatlar tərəfindən çap olunan, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, turizm imkanları və multikultural dəyərlərini əks etdirən 350 adda 600-dən çox çap məhsulları sərgilənir.

Stenddə Qarabağa həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Guşədə Azərbaycan və Türkiyə tarixçilərinin birgə iştirakı ilə ingilis dilində hazırlanaraq çap edilmiş kitablar da nümayiş olunur. Kitablarda əsassız erməni iddiaları tarixi sənədlər və elmi mənbələrlə ifşa edilir. Eləcə də “Kaspi” şirkətlər qrupunun layihələri əsasında çap edilən kitablar sərgilənir.

Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, nadir tarixi və memarlıq abidələrini, turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş olunur.

 

Çəmənzəminlinin məşhur romanının Türkiyə türkcəsində təqdimatı

 

Sərginin ilk günü Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında” kitabının təqdimat mərasimi keçirilib. Romanı Türkiyə türkcəsinə şair-yazıçı Yurtseven Şen çevirib. Nəşr stendimizin ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bu il nazirliyin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinə başlanılıb. Layihə çərçivəsində ilkin mərhələdə Azərbaycan ədəbiyyatından seçmə 10 əsərin Türkiyə türkcəsinə tərcüməsi, çapı və yayılması nəzərdə tutulub. Çəmənzəminlinin romanından sonra növbəti nəşr kimi Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti türkiyəli kitabsevərlərin ixtiyarına veriləcək.

 

Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş mərasim

 

İstanbul kitab sərgi-yarmarkası çərçivəsində fəaliyyət göstərən Azərbaycan bölməsində Xalq şairi Səməd Vurğunun 110 illiyi münasibətilə mərasim keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmilər, Azərbaycan və Türkiyə ziyalıları iştirak ediblər.

Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və türkiyəli yazıçı Yasemin Bayer çıxış ediblər.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan olunmasından və bu dəyərlərin ölkəmizdə formalaşmış həyat tərzinə çevrilməsindən söhbət açıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında son illər Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənəni dövlətimizin başçısının uğurla davam etdirməsi həm Azərbaycanın tanıdılması və təbliği, həm də tarixi şəxsiyyətlərin yaradıcılığına, onların ədəbi irsinə qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Vaqif Əliyev bildirib ki, Xalq şairi Səməd Vurğunun yaradıcılığının böyük bir hissəsində azərbaycançılıq məfkurəsi öz əksini tapıb. Şairin qələmə aldığı "Azərbaycan" şeiri buna ən gözəl nümunədir. O, Azərbaycan xalq şeirinin imkanlarından böyük məharətlə istifadə edərək milli poeziya dilini yüksək səviyyəyə qaldırıb və zənginləşdirib.

Nizami Cəfərov, Nüşabə Vəkilova və Rəşad Məcid şairin ədəbi dilindəki rəvanlıq, yaradıcılığındakı rəngarənglik, zəngin söz ehtiyatı kimi məqamlardan bəhs ediblər. Əminliklə qeyd olunub ki, böyük şairin yaratdığı əsərlər həmişə sevilə-sevilə oxunacaq.

Səməd Vurğunun əsərlərinin Azərbaycanın təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran Yasemin Bayer qeyd edib ki, ölkəmizin müstəqilliyinin bərpa olunmasından sonra Türkiyənin ədəbi mühitində qardaş xalqın ədiblərinin tanıdılması üçün daha böyük şərait yaradılıb. Səməd Vurğun yaradıcılığı Azərbaycanda olduğu kimi Türkiyədə də sevilir.

Çıxışlarda qeyd olunub ki, Səməd Vurğun yaradıcılığına ən böyük qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan” şeirini böyük sevgi ilə oxuması əslində hər bir vətənpərvər azərbaycanlının Səməd Vurğun yaradıcılığına olan məhəbbətinin təzahürü kimi həyata vəsiqə qazanıb.

Sonra Əməkdar artist Mehriban Zəki şairin “Azərbaycan” və digər şeirlərini səsləndirib.

Tədbirdə Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Qeyd edək ki, ənənəvi olaraq Tüyap Sərgi və Konqres Mərkəzində keçirilən 35-ci İstanbul kitab sərgisi noyabrın 20-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.8.