Konfrans gələcək əməkdaşlıq üçün imkanlar açacaq

 

 

“Mədəniyyət yarandığı gündən multikulturaldır. Teatr da belə məkandır”

 

7-8 noyabr tarixində gerçəkləşən IV Bakı Beynəlxalq Teatr Konfransı dünyanın müxtəlif ölkələrindən teatr xadimlərinin, sənətşünas və mütəxəssislərin görüş, ideya və təcrübə mübadiləsi platforması kimi özünü bir daha təsdiqlədi.Multikulturalizmteatrmövzulu konfransın qonaqlarından bir qisminin fikirlərini oxucularımıza təqdim etmişdik. Teatr forumunun daha bir neçə iştirakçısının təəssüratını diqqətə çatdırırıq.

 

“Afrikanın səsi” ədəbi mükafatının laureatı Zolani Mkiva (Cənubi Afrika Respublikası):

- Konfransda iştirakdan məmnunam. Təəssüf ki, mənim yaşadığım Afrikanın heç də hər yerində teatr yoxdur. Bu platforma vasitəsilə mübadilə həyata keçirə bilərik. İnanıram ki, beynəlxalq konfrans gələcək əməkdaşlıq üçün əlverişli imkanlar açacaq. Bu arada Bakını gəzmək imkanım da oldu. Çox az müddətə olsa da, belə bir məkanla, insanlarla tanış olduğumdan zövq alıram. Bəzən dünyanı gəzirik və həyatımızda çatışmayan nüansların şahidi oluruq. Bakıda məhz belə bir an yaşadım. Görmək istədiyim mədəni mühitin şahidiyəm. Multikulturalizm bizi daim düşündürən problemlərdən biridir. Bu baxımdan konfrans dünyaya bir mesajdır.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva:

- Mədəniyyət dünyada baş verən hadisələri özünəməxsus cəhətdən transformasiya edib əks etdirən məkandır. O, yarandığı gündən multikulturaldır. Teatr da belə məkandır. Burada müxtəlif sənət növləri birləşir. Konfransın çox böyük əhəmiyyəti var. Əsas məqsəd teatr əlaqələrinin təhlilini vermək, müasir dünyada teatrın tutduğu yeri və daşıdığı funksiyaları müasir gerçəkliyin etno-psixoloji parametrlərinə söykənərək həll etməkdir.

 

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli:

- Konfrans çərçivəsində qarşılıqlı ünsiyyət təcrübə Azərbaycan teatrının dünya miqyasında təbliğində mühüm rol oynayacaq. O cümlədən biz məruzələrdə öyrənib biləcəyik ki, dünya teatrlarında, ümumiyyətlə şərqli, qərbli, avropalı, asiyalı bir toplumda hansı yaradıcılıq prosesləri baş verir. Bu cəhətdən konfrans böyük əhəmiyyət kəsb edir.

 

ASSİTEJ-İran Milli Mərkəzinin rəhbəri, rejissor Habibe Meşkanlu:

- Konfrans əhəmiyyətli mövzuları əhatə edir. Azərbaycan teatrlarının fəaliyyəti ilə tanışıq. Bir-birimizdən öyrənməli çox şeylər var. İnşallah, bu səfərimizdən Azərbaycanla əlaqələrimizdə nəticələr əldə edəcəyik. Biz İranda 14 ildir ki, dövlət uşaq teatrı ilə işləyirik. Uşaqlar üçün dünya klassiklərinin, iran yazarlarının əsərlərini tamaşaya qoyuruq. İranda keçirilən festivallarda azərbaycanlı həmkarlarımızı daha çox görmək arzusundayıq. İnanıram ki, qarşılıqlı əlaqələrimiz daha da güclü olacaq.

 

L.Azəri

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.10.