Türkiyə təbiətini kətana köçürən soydaşımız

 

 

Təbiətin dağı, daşı, otu, ağacı, suyu onun üçün mənəvi qida qaynağıdır

 

Ölkəmizdən qıraqda yaşayıb-yaradan incəsənət xadimlərimizdən biri də tanınmış rəssam Teymur Ağalıoğludur. O, 20 ildən artıqdır ki, həyatını özünə ikinci vətən sandığı Türkiyəyə bağlayıb.

 

Rəssam Gürcüstanın Qarayazı (Qardabani) rayonunun Qaratəpə kəndində anadan olub. İxtisas təhsilini öncə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında alıb. Təhsil illərindən sonra bir müddət Gürcüstanda yerli sərgilərdə iştirak edib. SSRİ dağıldıqdan sonra Türkiyəyə gedib, orada sərgilərə qatılıb. İlk fərdi sərgisi İstanbuldakı Varol sənət qalereyasında keçirilib.

1995-ci ildən Türkiyədə yaşayan rəssamın bu vaxta qədər 30-dan çox sərgisi gerçəkləşib. O, beynəlxalq sənət yarışmalarına da qatılır. ABŞ-da keçirilən müsabiqədə həvəsləndirici mükafata layiq görülüb.

Rəssam deyir ki, təkcə sənətlə, rəssamlıqla çörək qazanmaq çətindir. Əsərləri Ankara Rəsm və Heykəl Muzeyində, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyində, bir neçə muzeydə sərgilənməkdədir.

T.Ağalıoğlu təbiəti çəkməyi çox sevir. Türkiyənin bölgələrini gəzərək rəsmlər yaradır. O, deyir: “Təbiətdən böyük müəllim yoxdur. Onu sevir, duyur, bütün varlığımla kətana köçürürəm”.

Rəssamın zahiri özəlliklərindən biriuzun saçlarıdır. Həmişə dağınıq saçlı, etüd çantası çiynində olan rəssam Türkiyəni bir səyyah kimi kəndbəkənd, şəhərbəşəhər gəzir. Təbiət sevdalısıdır. Təbiətin dağı, daşı, otu, ağacı, suyu onun üçün mənəvi qida qaynağıdır. Rəssam bütün əsərlərində təbiətin ruhunu tutmağa, onunla bir olmağa çalışır.

Teymur bəyin yüksək rəng duyumu var. Rənglərlə gözəl dil tapmağı bacarır. Onun əsərləri sanki bir anın içində yaranır. Çəkdiyi mənzərəni mahiyyətini məqamındaca yaxalayıb öz düşüncəsindən, ruhundan keçirərək kətana köçürməyi bacarır. Belə əsərlər isə hər zaman diqqət çəkir.

Rəssam hər hansı cərəyana bağlılığı barədə fikir söyləməsə də, əsərləri onun impressionist olduğunu deməyə əsas verir. O, rənglərin gücüylə insanı duyğulandırmağı qarşısına məqsəd qoyurbunu ustalıqla bacarır. Bir çox janrlarda əsərlər yaradan soydaşımızın mənzərələrindən geri qalmayan portretləri, qrafik əsərləri də çoxdur. Sənətkar gələcəkdə Bakıda sərgi keçirməyi düşünür.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.15.