Xalq rəssamının Moskvada növbəti “Görüşü

 

 

Moskvada, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun “Görüş” adlı sərgisi keçirilir. Rəssamın 70 illik yubileyinə həsr olunmuş sərgi daha öncə sentyabrın 7-də “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” (XTNS) kompleksində açılmışdı. Sərgidə rəssamın son onilliklərdə yaratdığı 50-dək əsəri nümayiş etdirilib.

 

Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində rəssamın erkən dövr əsərləri nümayiş olunur. Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən təşkil edilən sərgi müəllifin Moskvada onuncu fərdi sərgisidir.

Muzeyin direktoru Aleksandr Sedov deyib: “Muzeyimizin qapılarını yaxın və uzaq ölkələrin rəssamlarının üzünə açmağa həmişə şadıq. Azərbaycan rəssamlarının sərgilərini tez-tez təşkil etməyimiz bu ölkədə rəssamlıq ənənələrinin və bütövlükdə incəsənətin nə dərəcədə yaxşı və dolğun inkişaf etdiyini göstərir”.

Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Fərhad Xəlilovu Azərbaycan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edərək vurğulayıb ki, rəssamın yaradıcılığı vətəninin hüdudlarından kənarda da şöhrət qazanıb. Moskvada reallaşanGörüş” layihəsi də bunun göstəricisidir.

“Beynəlxalq Rəssamlar İttifaqları Konfederasiyası” İctimai Birliklər Assosiasiyasının icraiyyə komitəsinin sədri Məsut Fatkulin, Moskva Teatr, KinoTeleviziya Rəssamları Assosiasiyasının prezidenti Boris Messerer, tanınmış rusiyalı fotoqrafjurnalist Yuri Rost, Rusiyanın Xalq artisti Sergey Abdraşitov, Rusiyanın Xalq rəssamı Sergey Alimov və başqaları rəssamı yubiley sərgisi münasibətilə təbrik ediblər.

F.Xəlilov jurnalistlərə müsahibəsində deyib: “Məndən həmişə xəbər alırlar: “Sərgidən nə gözləyirəm?” Mən böyük hörmət, böyük məhəbbət bəslədiyim dostlarımın sənətim barədə fikirlərini eşitmək istəyirəm. Ən başlıcası isə, onlardan prinsipiallıq gözləyirəm. Sənətim barədə onların xoş sözləri mənim üçün böyük stimuldur. Məhz buna görə də sərgilərimi təşkil edirəm. Əmin olmaq istəyirəm ki, doğru yoldayam. Dostlarımı tanıyıram. Onlar ya danışacaqlar, ya da susacaqlar. Amma dedikləri hər bir söz ürəkdən deyilən söz olacaq”.

Rəssam qeyd edib ki, Abşeronun təbiəti və ruhu mövzusu onu həmişə ruhlandırıb, ruhlandırır və bundan sonra da ruhlandıracaq.

Qeyd edək ki, “Görüş” sərgi layihəsinin ikinci hissəsində nümayiş etdirilən əsərlərin bir hissəsi ilk dəfə sərgiyə çıxarılır.

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.10.