Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri”

 

 

Noyabrın 10-da Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi açılıb. Ziyarətçilərin maraq göstərdiyi sərgidə yaxın yüzillərdə Azərbaycan ərazisində istifadə olunmuş qadın üst geyimləri və qədim bəzək nümunələri yer alıb.

 

Bölmələrdən biri düymələrə həsr olunub. Muzeyin əməkdaşı Məlahət Əliyeva bildirir ki, geyim mədəniyyətində düymələr vacib ünsürlərdəndir. Tunc dövründən istehsalına başlanılan düymələrdən öncə həmail kimi istifadə edilib. İlkin mərhələdə sadə və naxışsız hazırlanan həmailə zaman-zaman bədii çalar verilib, tədricən bəzək-zinət əşyaları kimi istifadə olunub. Geyim mədəniyyətimizdə tökmə, torlama, qəlibkarlıq, qarışıq, ipək sapdan hazırlanmış düymələrdən geniş istifadə edilib. Düymələrin estetik gözəlliyini artırmaq məqsədilə onlara müxtəlif daşlardan qaşlar da əlavə edilib.

Düymələrlə yanaşı, çiyin geyimlərində, özəlliklə nimtənə, çəpkən və arxalıqlarda “çarpazadlanan geyim elementindən də istifadə olunurdu. Çarpazlar qarşı-qarşıya olaraq geyimin bel hissəsinə bərabər sayda tikilirdi. Bu düymə tipi orta yüzillərdən qadınların istifadəsində olub. XX əsrin başlanğıcından metal pullardan hazırlanmış çarpazlardan da geniş istifadə edilib.

Ənənəvi qadın geyimlərinin tikmə bəzək elementlərinin böyük hissəsini ətəklik və yaxalıqlar təşkil edir. M.Əliyevanın sözlərinə görə, ətəkliklər köynəyin ətəyinin ön hissəsinə tikilirdi. Tarixən “məcidiyyə”, “mərzəndiyə”, “babaxanı”, “midaxıl”, “arpa”, “buta”, “aypara”, “pərəkli”, “qoza”, “yarpaqadlanan ətəkliklərdən geniş istifadə edilib. Yaxalıqlar formaca ətəkliklərə bənzəsələr də, həcm etibarilə onlardan bir qədər böyük olur, əsasən arxalıq, ləbbadə, çəpkən, küləcə kimi geyimlərin yaxa kəsiyi boyunca tikilirdi. Qadın çiyin geyimlərindən olan çəpkənlərin qolçaq hissəsinin bəzədilməsinə də ayrıca önəm verilirdi. Əlcəklər adətən toxuma bəzəklərlə, bəzi hallarda isə qızıl, gümüş və müxtəlif tikmə üsulları ilə bəzədilirdi.

Kəmərlərin tarixi geyim mədəniyyətinin tarixi qədər qədimdir. Sərgidə Tunc dövründən günümüzə gəlib çıxmış kəmərlər də nümayiş olunur. Geyim mədəniyyətində düymələrin tətbiqindən öncə kəmərlərdən geyimlərin əyində rahatlığını təmin etmək üçün istifadə edilib. M.Əliyeva bildirir ki, ilkin dövrlərdə dəridən, sonralar metalparçadan olan kəmərlər zaman keçdikcə başqa geyim növləri kimi dəbə uyğun olaraq dəyişib, təkmilləşib, müxtəlif biçim və çeşidləri yaranıb. XX əsrin əvvəllərinə qədər Azərbaycanda “pilək”, “qələmi”, “sallama”, “şəbəkə”, “gül”, “aynalı”, “minalı” adı ilə tanınan kəmərlərdən geniş istifadə olunub.

Baş geyim bəzəkləri qədim çağlardan Azərbaycanda istifadədə olmaqla zəngin çeşidlərə malikdir. Belə bəzəklərə “cutquqabağı”, “papaqqabağı”, “dingəqabağı”, “alınlıq”, “üzlük”, “cıqqa”, “qarmaq”, “təpəlik”, “düyməcə”, “çənəbənd”, “qarmaqlı çənəbənd” və s. daxildir.

“Cutquqabağı” cutqu (içitük) adlanan baş geyiminin alın hissəsinə tikilən bəzəklərə deyilir. “Papaqqabağı”, “alınlıq”, “dingəqabağı”, “cıqqa” adlanan bəzək elementləri cutquqabağı ilə eyni funksiya daşıyaraq, formaca da eyniyyət təşkil edirdilər. Fərq yalnız onların hansı geyim elementinə əlavə olunmalarında idi.

“Təpəlik” (“başlıq”) əsasən çalma, dingə tipli baş geyimlərinin üzərinə taxılır, geyimin başda sabitliyini təmin edirdi. Geyimə bəndlənməsini təmin etmək üçün zəncirlərin uclarına qarmaq lehimlənirdi ki, həmin elementə görə bu bəzək xalq arasında bəzən “qarmaqda adlanırdı. Bu tip bəzəklər Azərbaycan və Dağıstan xalqları arasında geniş yayılmışdı. Təpəlikdən fərqli olaraq çənəbəndlər həm boyun bəzəyi olurdu, həm də çarqat və araqçınların başdan sürüşüb düşməsinin qarşısını alırdı.

Bir sözlə, sərgi xalqımızın zəngin geyim mədəniyyətinin ifadəsidir. Sərgi gələn il fevralın 1-dək davam edəcək.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.10.