9 yaşımdan həyatımın rəqs yolu başlayıb

 

Görkəmli rəqqas, Xalq artisti Böyükağa Məmmədov 90 yaşını qeyd etməyə hazırlaşır

 

Deyirlər, həyat ritmlərdən ibarətdir. Ritmləri ömrünün mənası bilib, həqiqi sənət səviyyəsinə qaldıranlar əbədi ömür qazanır, sənət fədaisi hesab olunurlar. Azərbaycan rəqs sənətinin canlı əfsanəsi, ustad rəqqas, Xalq artisti Böyükağa Məmmədov belə insanlardandır.

90 yaşını qeyd etməyə hazırlaşan sənətkar öz yaradıcılığı ilə ölkəmizin adını yüksəklərə qaldırıb, sənətini gələcək nəsillərə çatdırmağa çalışıb. Yubileyi ərəfəsində onunla ömür və sənət yoluna nəzər saldıq.

 

Ömrün unudulmaz anları

 

Azərbaycan milli rəqs sənətinin məşhur simalarından olan Mirməmməd Mircəfər oğlu Məmmədov (Böyükağa Məmmədov) 1927-ci il yanvarın 23-də Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 5 nömrəli peşə məktəbində oxumaqla yanaşı, həm də məktəbin rəqs kollektivində fəaliyyət göstərib. Burada rəqsin sirlərini yaşıdlarına öyrədib. Müharibənin ağrı-acısını yaşayan kiçik Mirməmmədin atası, qardaşı və bacısı müharibəyə aparılır. Ehtiyat əmək qüvvələri məktəbinin ansamblına yazılması onun gələcək fəaliyyətində mühüm rol oynayır.

Həyatın ritmlərini xalq rəqsində tapan rəqqasın zəngin yaradıcılıq yolu var. 1955-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirir, 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olur. 1965-ci ildə respublikanın Xalq artisti adına layiq görülür. 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Y.Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edilir. 1971-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayır. 1951-ci ildə tələbə və gənclərin Berlin, 1953-cü ildə Varşava və 1957-ci ildə Moskvada keçirilən dünya festivallarının laureatı olur. O, 1960-cı ildən Cücələrim rəqs ansamblına rəhbərlik edib.

Azərbaycan rəqslərini Fransa, İsveçrə, İran, Əfqanıstan, Polşa, Almaniya, Macarıstan, ümumilikdə 123 ölkədə ləyaqətlə təmsil edən Böyükağa Məmmədov ömrünün 70 ilə yaxın böyük bir dövrünü bu sənətin inkişafına həsr edib. Bu illər ərzində sənətinin onlarla davamçısını yetişdirib, nəsillər arasında sənət varisliyinin möhkəmlənməsinə töhfələr verib. Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə müxtəlif ordenmedallara layiq görülüb, Prezident təqaüdçüsüdür.

 

Rəqs həyatımdır

 

Rəqsi özü üçün ömür hesab edən Böyükağa müəllim bu yaşa qədər yaşamağının səbəbini məhz rəqslə əlaqələndirir:

- Uşaq yaşlarımdan rəqsə başlamışam. O vaxtlar Bakıda Nizami muzeyinin qarşısında rəqs meydançaları təşkil edilərdi. Böyük qardaşım hər gün ora gedirdi. Bir gün məni də özü ilə apardı. Ora getdiyim elə ilk gündən çox xoşuma gəlmişdi. Rəqslərdən əvvəl, günorta saat 3-də klarnet, nağara, qarmon ifaçılarının konserti olardı. Mən də konsertdə rəqs edirdim. Təşkilatçılar rəqsimi bəyənmişdi.

Atam molla təhsili almışdı. Bu səbəbdən rəqs etməyimin tam əleyhinə idi. Bir gün anam məni Əlibaba Abdullayevin yanına gətirdi. Bilirsiniz ki, rəqqasda əsas ritmdir. Ritm olmasa rəqs alınmır. Əlibaba müəllim dedi ki, bir ritm vurum, sən də rəqs elə. İlk ritmdən bəyəndi və məni məşqlərə yazdı. Beləliklə, 9 yaşımdan mənim həyatımın rəqs yolu başladı. 15 yaşımdan Pionerlər sarayında rəqs müəllimi kimi fəaliyyətə başladım. Səhnədə ilk tərəf-müqabilim Əminə Dilbazi olub. Əlibaba müəllim mənsiz, mən də onsuz işləyə bilməzdim. Çünki mən kadrları hazırlayıb ona təqdim edirdim. O isə öz əsrarəngiz rəqslərini qururdu.

Acılı-şirinli xatirələrini bizimlə bölüşən rəqqas iki adla tanınmasının tarixçəsini də bizə açıqlayır. Deyir, 1951-ci ildə Berlinə festivala getmək üçün Moskvada baxışdan keçmək lazım olur. Orada İqor Moiseyev ondan adını soruşduqda daha yaddaqalan olsun deyə Böyükağa kimi tanınmasını məsləhət bilir.

Yaş ötdükcə hərəkət qabiliyyətini itirən sənətkar çox nikbindir. Yeriyə bilməsəm də, eşidirəm, görürəm, əlim, gözüm yerindədir, - deyib Tanrıya şükür edir.

Sənəti müqəddəs əmanət kimi gələcək nəslə ötürmək onu qoruyub yaşatmaq deməkdir. Gələcəyimizi milli ritmlərə kökləmək də şərəfli işdir. Böyükağa müəllim bu istiqamətdə öz missiyasını yüksək səviyyədə yerinə yetirib.

Onun müasir rəqs sənətimizə münasibətini də öyrənirik. Bildirir ki, milli rəqslərdə xalq elementləri mütləqdir: Azərbaycan rəqsləri özündə milliliyi göstərməlidir. Mənəviyyat xəzinəmizin nadir incisi olan rəqslərimiz qədimliyimizi sübut edir. Buna görə də milli elementləri qorumalıyıq. Azərbaycan rəqslərində hərəkətlərin adı yoxdur, baletdə isə var. Baletdə notlar da var. Bizim sənətdə rəqsi göstərməsən, şagird onu öyrənə bilməz.

Ustad rəqqas sənətini sevərək gələcək nəsillərə ərməğan edib. Cücələrim ansamblının bədii rəhbəri kimi kollektivlə dünyanı gəzib. Bu gün ölkədə fəaliyyət göstərən rəqs kollektivlərində onun tələbələri çalışır. O, bu gün də gənclərdən öz məsləhətlərini əsirgəmir.

Uzun illər Dövlət Mahnı və Rəqs Ansamblında çalışan sənətkarın qurduğu rəqslər bu gün də səhnədədir, yenə də tamaşaçılar tərəfindən maraqla qarşılanır. Məxsusi onun üçün qurulmuş Çoban rəqsi bu gün arxivdə qorunur. Özünün öyrətdiyi rəqslər isə mövzusüjet baxımından fərqli olub.

O, bir sıra məşhur filmlərimizdə də rəqslərə quruluş verib. 1965-ci ildə lentə alınan Arşın mal alan filmində qadınların rəqsinə Əminə Dilbazi, kişilərin rəqsinə isə Böyükağa müəllim quruluş verib. Bundan əlavə, Mən rəqs edəcəyəm filmində Mahmud Esenbayevin ifa etdiyi məşhur Naz eləmə rəqsinin quruluşu da ona məxsusdur.

Azərbaycan rəqs sənətinin inkişafı və təbliğində böyük rolu olan Böyükağa Məmmədov bu günöz peşəsinə sadiqdir. Elə söhbətimizə də onun bu fikri ilə nöqtə qoyuruq: Yenidən dünyaya gəlsəm, yenə də rəqqas olaram.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.11.