Paytaxtımızda “Türk filmləri həftəsi” başlandı

 

 

Bakıda Türkiyənin “Yerli Düşüncə” Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, bu ölkənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun dəstəyi ilə “Türk filmləri həftəsi” keçirilir. Bu münasibətlə Türkiyədən rəsmi nümayəndə heyəti, eləcə də kino xadimləri Bakıya gəlib.

 

Noyabrın 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Respublikası Prezidentinin baş müşaviri, keçmiş mədəniyyət və turizm naziri, “Yerli Düşüncə” Dərnəyinin fəxri sədri Yalçın Topçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, Nizami Kino Mərkəzində təşkil olunacaqTürk filmləri həftəsi”nin proqramı müzakirə edilib.

Görüşdə həmçinin Azərbaycan və Türkiyə milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək məqsədilə birgə filmlərin istehsalı və ortaq türk mədəniyyətinin qorunması üçün beynəlxalq səviyyəli birgə layihələrin həyata keçirilməsi barədə fikirlər irəli sürülüb.

* * *

Noyabrın 22-də Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılış mərasimi keçirildi.

Gecədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişafından söz açdı. Bildirdi ki, qardaşlıq münasibətləri üzərində qurulan bu əlaqələr bundan sonra da uğurla davam etdiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ölkəmizdə qonaq olan Türkiyə kinematoqrafçılarını salamladı və bildirdi ki, Azərbaycanda həmişə türk filmlərinə böyük maraq olubbu gün biz Türkiyədə də Azərbaycan filmlərinə marağın şahidiyik. İki ölkə arasında müştərək film istehsalını, birgə əməkdaşlığı həyata keçirməliyik. Ümumi türk mədəniyyətinin təbliğində bundan bəhrələnməli və birgə layihələr reallaşdırmalıyıq.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışı zamanı kino dilinin bəzən hər bir siyasi vasitədən də iti olduğunu bildirdi. Vurğuladı ki, qardaşlar bir-birini daha yaxşı anlar. Biz kino vasitəsilə bir-birimizin tarixini, mədəniyyətini dünyaya təbliğ etməli, paylaşmalıyıq. Mədəniyyət sahəsində baş tutan istənilən əlaqə birbaşa turizm, kino, teatr, musiqinin də təbliğinə yol açar. Türkiyədə baş verən siyasi hadisələr və Dağlıq Qarabağ problemi barədə danışan Y.Topçu iki qardaş ölkənin daim bir-birinə arxa olacağına əminliyini ifadə etdi.

Türkiyə Böyük Millət Məclisinin üzvü, “Yerli Düşüncə” Dərnəyinin baş katibi Mətin Gündoğdu bir-birimizi yaxından tanımaq üçün mədəni əlaqələrin davamlı inkişafının vacibliyini vurğuladı. Bildirdi ki, bir həftə ərzində baş tutacaq filmlərin nümayişində azərbaycanlı tamaşaçılar müxtəlif janrmövzuda filmlərlə tanış olacaqlar. Bu filmlər türk xalqlarının milli mədəni mənşəyini də özündə əks etdirir. Qonaq tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, əlaqədar təşkilatlara təşəkkürü bildirdi.

Qeyd edək ki, Azərbaycanda ikinci dəfə keçirilən Türkiyə filmləri festivalı eyni zamanda digər türkdilli ölkələrdə də keçirilir. Festivalın qonaqları sırasında tanınmış aktyorlar Meral Konrat, Heydər Şişman, Sarp Ləvəndoğlu, Emrə Kızılırmak, Ozhan Eren, Əhməd Sönməz, Binyamin Yılmaz və digərləri var idi.

Açılış mərasiminin rəsmi hissəsindən sonraKalandar soyuğu” bədii filmi nümayiş olundu. Xatırladaq ki, “Türk filmləri həftəsi” çərçivəsində noyabrın 23-dən 26-dək Nizami Kino Mərkəzində “Deli ormanlı”, “Son məktub”, “Birləşən yollar”, “Əlvida, Katya” bədii filmləri nümayiş olunacaq. Bundan əlavə, festival çərçivəsində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də filmlər nümayiş olunacaq, kino mövzusunda konfranslar təşkil ediləcək. Şəhərin bir neçə uşaq bağçalarında “İksircizgi filmi nümayiş olunacaq.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.2.