Muğam nəzəriyyəçilərinin müşayiətçilərdən bəhrələnməsi vacibdir

 

 

Milli Konservatoriyada seminar

 

Noyabrın 21-də Azərbaycan Milli Konservatoriyasında “Bayatı-Şiraz” muğamının “Bərdaşt” şöbəsi” mövzusunda seminar keçirildi. Seminarı konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova və “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfov aparırdı.

Lalə Hüseynova seminarı açaraq bildirdi ki, bu gün təhsil ocağında bədii mühit yüksək səviyyədədir və artıq elmi mühit də formalaşmaqdadır: “Konservatoriyanın professor-müəllim heyətinin muğamşünaslığa, musiqinin müxtəlif janrlarının tədqiqinə həsr etdikləri məqalələr oxucular və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. İnanırıq ki, seminarda müzakirələr nəticəsində müəyyən məqamlara aydınlıq gətiriləcək”.

Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi belə tədbirlərin keçirilməsinin muğam sənətinin inkişafına xidmət etdiyini vurğuladı.

Xalq artistləri Alim Qasımov, Möhlət Müslümov, Əməkdar artist Vamiq Məmmədəliyev və başqaları çıxış edərək mövzu ətrafında fikirlərini bölüşdülər. Bildirildi ki, “Bayatı-Şiraz” Azərbaycanın yeddi əsas muğam dəstgahlarından biridir. Muğamın “Bərdaşt” şöbəsi özünəməxsus cəhətləri ilə seçilir.

Tədbirdə müqayisə üçün mərhum xanəndə Baba MahmudoğluAlim Qasımovun ifasında lent yazıları da səsləndirildi. Hər iki ifa ətrafında fikir mübadiləsi aparıldı. Tədris proqramında “Bərdaşt” şöbəsinin öyrədilməsi ilə bağlı rəylər dinlənildi. Qeyd olundu ki, “Bərdaşt” ifaçının səs imkanını nümayiş etdirir və xanəndənin ustalığından asılıdır. Muğam sənəti haqqında nəzəriyyəçilərin müşayiətçilərdən bəhrələnməsi də vacib şərtdir. “Bərdaşt” şöbəsinin gələcəkdə tədrisə daxil edilməsi diqqətdə saxlanmalıdır.

 

L.Azəri

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.4.