Üzdə həlim, içdə təlatüm...

 

 

Sədr oğlu “Qaraş”lıqdan uludan ulu Dədə Qorqudluğa qalxan Həsən Məmmədov

 

Bu həlimtəbiət, bir az cansız-çəlimsiz, amma xeyli yaraşıqlı (dilinə hələ çox sonralar yatası “fotogeniçni”) övladını “əliportfelli”lərdən - ən çox da müəllim görmək istəyən fəhlə ata, Həsəndən cəmi ikicə il razılıq edəcək, sonra uzun aylar küsülü qalacaq, “Böyük dayaq”dakı “Qaraş”ını bəyənsə də, ziya-ziyalılıqdan xali şəcərəsinə ali müəllim şərəfi qoşmadığına görə, ta Dədə Qorqud şöhrətinədək onu bağışlamayacaqdı...

 

Bəli, 1938-ci ildə Salyan rayonunda doğulmuş Həsən Ağaməmməd oğlu Məmmədov orta məktəbi bitircək ADU-nun (BDU) fizika-riyaziyyat fakültəsinə qəbul olunur, lakin 2-ci kursda “dəqiq elm sahəsilə vidalaşıb, əqiq sənət aləminə” - Bakıya düşdüyü gündən içini işıqlandırmağa başlamış teatr səhnəsinə gedir. Fitri istedadı hesabına bir müddət müxtəlif teatrlardakustaraktyorluq edib, öz qabiliyyət imkanlarına əmin olduqdan sonra, bu sənətin professionallıq yoluna düşməyi qərarlaşdırır. İyirmi yaşındaykən Teatr İnstitutunun (indiki ADMİU) Dramkino aktyorluğu fakültəsinə daxil olur, Mehdi Məmmədovun kursunda oxuyur. Tələbəliyində Azərbaycan radiosunun teatral verilişlərində iştirak edir. 1962-ci ildə institutu bitirir və təyinatla Akademik Milli Dram Teatrına göndərilir. Gənc aktyor bu səhnədə maraqlı obrazlar yaradır. Bir müddət sonra böyük səhnədəki istedadı ilə kinematoqrafçıların da diqqətini cəlb edəcək aktyor yaradıcı ömrünün sonunadək 70-ə yaxın filmə çəkilir.

Yeddi oğul istərəm” filmindəki Bəxtiyar rolu, sözün müsbət mənasında böyük söz-söhbətə səbəb olur. Dövrün ən sevimli-oxunaqlı “Qobustantoplusunun keçirdiyi sorğuda “70-ci illərin ən yaxşı aktyorukimi dəyərləndirilir. Ümumittifaq festivalında “Kişi rolunun ən yaxşı ifaçısı” mükafatına layiq görülür.

bir haşiyə...

Şəxsən mən o vaxtlar Həsənin səhnə davranışı və oyunlarındakı bəzi “ayın-oyun”ları (bir azdöymuş” baxışları, süst hərəkətləri və s.) ilə razılaşa bilmirdim və məncə, o, “Böyük dayaqda aldığı ustad (Ələsgər Ələkbərovdan) şapalağından sonra əməlli-başlı düzəldi...

1972-ci ilin fevralında teatrdan (köçürmə yoluyla) “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilən Həsən Məmmədov bir də 20 il sonra, 1992-ci ildə Həsənağa Turabovun (teatrın direktoru və bədii rəhbəri) dəvətilə Akademik Dram Teatrına qayıdır və ömrünün sonunadək doğma kollektivin truppasında çalışır.

Zakulis” söhbətlərində işlətdiyi fikirlərdən biribuymuş ki, bütün yaradıcılıq potensialının açımına görə o özünü kinoya borclu bilirmiş. Elə kinosevərlər içərisində də, onlara belə bir böyük aktyor təqdim etdiyinə görə, böyük ekrana minnətdarlıq edənlər az deyil. Xüsusilə “Böyük dayaq”, “Bir cənub şəhərində”, “Arşın mal alan”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Dədə Qorqud”, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “İstintaqkimi sanballı kinoların səviyyəli vurğunları...

Görkəmli sənətkar teatrkino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar, 1982-də Xalq artisti adlarına layiq görülmüş, “İstintaq” və “Birisigün gecəyarı” filmlərində yaratdığı (Murad, Baba Əliyev) obrazlarına görə SSRİ və Azərbaycan SSR dövlət mükafatları ilə təltif olunmuşdur.

2003-cü il avqustun 26-da dünyasını dəyişən aktyor II Fəxri xiyabanda dəfn edilib.

 

İstedadlı aktyor, gözəl insan...

 

Öncə bu aktyordakı həyat-sənət tandemi vəhdətindən. Mənə elə gəlir ki, Həsən Məmmədov çəkildiyi filmlərin çoxunda öz şəxsi “mən”ini oynayıb, bir çox fikirlər, replikalar, deyərdim, onun özünə oxşayır. Məsələn, “Evin kişisini çağırarlar!” (“Axırıncı aşırım”), “Torpağı qorumasan əkməyə, əkməsən - qorumağa dəyməz” (“Dədə Qorqud”) və s.

Başqa-başqa təlim-tərbiyə mühitlərindən gəlmə insanların fərqli-fərqli dünyalarına girib, onların obrazlarını yeknəsəqlik ab-havasından, “dünənkilik” baxışından yayındırmaq hər aktyorun işi deyil. Həsən Məmmədov isə öz ad-soyadı yalnız titrlərdə oxunub, “filmin sonu”nadək başqa ad daşıyanlardandır. Kinoda debüt etdiyiBöyük dayaq”dakı “Qaraş”ıyla tamaşaçı-gəncliyə xeyli nümunə dərsi verən, “Arşın mal alanda köhnə adətlər üstünə zövqoxşar parçalar örtüb xoş ovqatlar yaradan bu aktyor, “birdən-birə” Dədə Qorqudlaşıb, məlum dövrün saxtalıqlar “menyusuna milli ululuqlar saçırdı. Bu məqamda, xanımının bir müsahibəsinə istinadən qeyd edək ki, həmin filmdə bu ulusun bədii Dədəsi olmuş bu adam, evinə-ailəsinə əsl ərlik-atalıq edirmiş. Baxmayaraq ki, yaşının qoca, şöhrətinin ən uca çağında da bu gözəl ailəsilə rahat yaşayası geniş bir evi olmayıb...

Bir qədər də -

 

“Həsən Məmmədov müdaxilələri”ndən...

 

Gün keçdifilminin ssenarisində sevgililərin Oqtaygildə görüşü zamanı intim səhnə də varmış. Neçə-neçə filmdə əsl bədii “Azərbaycan kişisi” obrazı yaratmış bu real-həyati kişinin xatirələrindən:

Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. İfadəmə görə üzr istəyirəm, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralı kadrlar olmalı idi. Mən buna qəti etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda, çəkilişdən imtina edəcəyəm. Sağ olsunlar, sözüm eşidildifilm başqa sonluqla başa çatdı”.

bir “İçərişəhər” problemi: “Sökülsün”, ya “qalsın”? Mütəxəssislərin o zamankı mətbu və yır-yığıncaq qənaətlərindən belə məlum olur ki, ssenarist (Anar) və rejissorun (Arif Babayev) “məsələ qoyuluşuna Həsən Məmmədovun (və əlbəttə, Leyla Şıxlinskayanın) oyunu elə qüvvət verir ki, Azərbaycanın bu təbii arxitektura muzeyi qalmalı olur...

Həsən Məmmədov özü də qaldı sənət tariximizdə. “Arşın mal alanda yaratdığı Əsgəri, indilər çoxlarının qınadığı komsomolçu Bəxtiyarı, sovet bayrağı altına keçmiş Abasqulu bəyi ilə qaldı. Dostlarının yazılı, canlı xatirələrində də qalıb bu gözəl insan, vəfalı dost. Görkəmli həmkarı Hamlet Xanızadə deyirmiş ki, teatrda naxışı gətirməyən Həsən böyük ekrana getcək, nəinki özünü, kinomuzun özünüxeyli qaldırdı.

Hə, qaldırdı. Onun yaratdığı obrazlara siyasi qır-qınaq yapanlar məni də məzur tutsunlar, - “Yeddi oğul istərəm”də Gəray bəyin özünü güllələmə anında bu Həsən-Bəxtiyarın baxışını kim baxa, “Sarı Şəmistan”ın məktubu oxunarkən o zindan ağrı-acını kimyaşaya” bilərdi? O ki qaldı “kimlər”in baxış-ağrısına, bu, çox geniş söhbətin mövzusudur. Öz sözlərilə deməli olsaq, bu adam dövrün ədibinin, nəhəng siyasi Rejissura sistemi rejissorunun adamlarını oynamalı olub...

Və... nə qədər ki, həmin adamlar “niyə yaşayıblar, niyə elə olublar” reallığına əks məntiq tapa bilməyəcəyik, Həsən Məmmədovun obrazları yaşayacaq. Bu isə o deməkdir ki, onlar həmişə yaşayacaq...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.13.