Roma Papasının portretini yaradan soydaşımız

 

Papanın Xocalı qurbanları üçün dua oxumasından sonra qərara gəldim ki, hörmət əlaməti olaraq onun portret heykəlini hazırlayım

 

Tanınmış heykəltəraş, Əməkdar rəssam, 67 yaşlı Zeynalabdin İsgəndərov hələ özünün şah əsərini yaratmadığını deyir. Bunu təvazökarlıq saymaq olar, hər halda heykəltəraş yaradıcılığına ciddi yanaşır, hələ sənətini öyrəndiyini bildirir. Onunla İnşaatçılar prospektində yerləşən Rəssamlar evindəki emalatxanasında görüşdüm. Bütün sənət emalatxanaları kimi, buranın da öz aurası, ruhu var. Kiçik heykəllər, büstlər bir kətan üzərindəki rəsm əsərləri.

 

Z.İsgəndərov burada 1982-ci ildən çalışdığını bildirir. Deyir ki, ondan öncə bura Xalq rəssamı, akademik Ömər Eldarovun olub.

Müsahibim 1949-cu ildə Bakıda çoxuşaqlı ailədə dünyaya göz açıb. Ailənin sonuncu övladı olan Zeynalabdinin rəssamlığa heykəltəraşlığa böyük həvəsi olub. Odur ki, gələcək taleyini müəyyənləşdirmək üçün Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Heykəltəraşlıq fakültəsinə daxil olur, 1966-1970-ci illərdə burada təhsil alır. 1971-1977-ci illərdə o, V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirir. Burada təhsil aldığı dövrdə məşhur heykəltəraş, SSRİ Rəssamlıq Akademiyasının rektoru Nikolay Tomskinin emalatxanasında çalışır. Məşhur heykəltəraşla çalışmaq onun üçün ikiqat məktəb olur. 1977-ci ildə Bakıya qayıdır, həm yaradıcılıqla məşğul olur, həm bu sənətdən dərs deməyə başlayır. 40 ilə yaxındır ki, heykəltəraşlıq sahəsində bilik bacarığını gənc nəslə öyrədir, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) professorudur.

Müsahibim italyan heykəltəraşlığı rəssamlığının heyranıdır, bir neçə dəfə bu ölkədə olub. Yolunu davam etdirən oğullarını - ADRA-nın məzunları olmuş Əli Həsəni İtaliyada ali rəssamlıq təhsili almağa yönləndirib. Övladları Roma Müasir Rəssamlıq Akademiyasında magistratura doktorantura pillələri üzrə təhsillərini davam etdiriblər. Həsən indi Romada təhsil aldığı akademiyanın prezidentinin referenti vəzifəsində çalışır. Əli isə bu il vətənə qayıdaraq ADRA-da rəngkarlıqdan dərs deməyə başlayıb. Bu il həm qardaşların Romada birgə sərgisi keçirilib.

Z.İsgəndərovun İtaliyaya ilk yaradıcılıq səfəri 6 il öncə olub. 2010-cu ilin aprel-mayında İtaliyanın Fonte-Nova sənət mərkəzi Roma şəhərində heykəltəraşlıq üzrə beynəlxalq simpozium keçirib. Müsahibim yarışmaya bir neçə əsər göndərib. Əsəri seçilənlər içərisində olduğundan onu bir ay müddətinə Romaya dəvət ediblər. Orada Z.İsgəndərov bir neçə əsər yaradıb sonda onun əsəri beynəlxalq yarışmanın mükafatına layiq görülüb.

Heykəltəraş bildirir ki, oğlanları orada təhsil aldığı müddətdə aktiv ictimai fəaliyyət göstəriblər. 2015-ci ildə onlar Vatikanda Xocalı faciəsilə bağlı tədbir keçirib, bu dəhşətli olayın qurbanları haqqında insanlara bilgi veriblər. Heykəltəraşın övladları Roma Papasına müracət edərək Xocalıda öldürülmüş soydaşlarımız üçün dualar oxumasını rica ediblər. Papa da ayrıca bir tədbirdə Xocalı qurbanları üçün dualar oxuyub. Onun belə anlayışlı davranışından sonra Z.İsgəndərov qərara gəlir ki, hörmət əlaməti olaraq Roma Papasının portretini hazırlasın. Beləliklə, bu yay o, Romaya gedir, 40 gün müddətində fəxri professoru olduğu Roma Müasir Rəssamlıq Akademiyasında Papanın portretini işləyir.

Z.İsgəndərov: Oğlum əsərin fotosunu Vatikan kardinalına göndərdi, işi bəyəndilər. Sonra kardinal məni iqamətgahına çağıraraq əsəri qəbul etdi, Papaya çatdıracağını söylədi. Vizamın vaxtı qurtardığı üçün Bakıya qayıtdım. Bir müddət öncə gördüm ki, mənə Roma Papasından məktub gəlib. Məktubda Papa onun portretini yaratdığım üçün mənə öz sayğısını ifadə edir.

Heykəltəraş bu emalatxanada Sara Qədimova, Lətif Kərimov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Leyla Bədirbəyli, Emin Sabitoğlu, Möhsün Sənani başqa görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb. Onun Səttar, Namaz, Külək, Mütəffəkir, Musiqiçi əsərləri geniş yaradıcılığının diqqətçəkən örnəkləridir.

Əsərlərində monumentallıq çox qabarıqdır. Bu baxımdan heykəltəraşın ən məşhur əsərlərindən biri 1982-ci ildə indiki Şirvan şəhərində ucaldılmış Leninin abidəsi olub. Bununla belə, o vaxt bu heykəli rəsmi şəxslərə qəbul etdirmək çətin olub, müəllifin başı çox zülmlər çəkib.

Bilindiyi kimi, Xalq rəssamı Cəlal Qaryağdının müəllifi olduğu, vaxtilə indiki Hökumət evinin qarşısında ucaldılan Lenin heykəli bədii xüsusiyyətlərinə, monumentallığına görə keçmiş SSRİ- ən uğurlu heykəllərdən sayılıb. C.Qaryağdı həmkarı Z.İsgəndərovun Lenin əsərini görəndən heyranlığını gizlətməyib, onun qoyulması üçün məmurların qapısını da döyüb. Düzdür, imperiya dağılanda həmin heykəl uçurulub.

Müəllif bunu soyuqqanlı qarşılayıb: Bir çox heykəltəraşlar vardı ki, əsərləri uçurulanda sarsılmışdılar. Tarixdə belə şeylər çox olub. Mən bunu anlayışla qarşıladım. Romada belə heykəllər çox olub. O şəhər heykəltəraşlıq baxımından çox zəngindir, adam heyrətdən donur.

Z.İsgəndərov rəngkarlıqla məşğul olur, rəssamlığı heykəltəraşlığından geri qalmır. O, 2006-cı ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.15.