Milli Məclisdə türkdilli xalqlara həsr olunmuş rəsm sərgisi

 

 

   Noyabrın 24-də Milli Məclisin binasında gənc rəssam Rəşad Nuriyevin türkdilli xalqlara həsr olunmuş əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

   Milli Məclisin deputatları, TürkPA-ya üzv ölkələrin təmsilçiləri, incəsənət nümayəndələri sərgi ilə tanış olublar.

   Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, TürkPA-nın Bakıda keçirilən tədbirlərindən sonra belə bir sərginin təşkili mühüm əhəmiyyət kəsb edir. Türkdilli xalqlar eyni kökə, eyni dinə, adət-ənənələrə mənsubdurlar. Nümayiş etdirilən əsərlər ümumilikdə türk dünyasının milli köklərini əks etdirir.

   Qeyd olunub ki, gənc rəssam Rəşad Nuriyevin sərgiləri xarici ölkələrdə, o cümlədən Türkiyənin qədim Bəylərbəyi sarayında, müxtəlif qalereyalarda, Azərbaycanın sərgi salonlarında nümayiş etdirilib. Milli Məclisdə belə bir sərginin nümayişi istedadlı rəssamın həyatında müsbət rol oynayacaq.

   Xalq rəssamları Səlhab Məmmədov və Arif Hüseynov əsərlərin sənət məziyyətlərini yüksək qiymətləndiriblər.

  

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.2.