İstedada qiymət məsuliyyəti artırır

 

   Emin Hüseynov daha mötəbər müsabiqələrdə uğur qazanmaq arzusundadır

  

   Xüsusi istedadı ilə seçilən gənclərimiz dövlətin qayğısı ilə əhatə olunur, yaradıcılıqlarını inkişaf etdirmək üçün onlara şərait yaradılır. O cümlədən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq neçə-neçə gənc istedad müxtəlif ölkələrin mötəbər musiqi ocaqlarında təhsil alırlar. Gənclər müxtəlif beynəlxalq müsabiqə və festivallarda, konsertlərdə çıxış edərək həm ölkəmizi layiqincə təmsil edirlər, həm də təhsil aldıqları məktəbin adını tanıtmış olurlar.

   Violin ifaçısı Emin Hüseynov da daim öyrənən və musiqi dünyasında öz xəyallarını axtaran istedadlı gənclərimizdən biridir. Əldə etdiyi uğurları çoxdur. 5 yaşından skripka ixtisası üzrə musiqi təhsili alan gənc Tofiq Quliyev adına 12 saylı Musiqi məktəbini bitirib. Bu illər ərzində o, dəfələrlə respublika və beynəlxalq müsabiqələrin qalibi olub, 2008-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvada professor Q.M.Aronoviçin ustad dərslərində iştirak edib, skripkaçı, professor M.A.Qotsdinerdən sənətin sirlərini öyrənib. 2010-cu ildə Sankt-Peterburq şəhərində keçirilən “Gümüş kamerton” beynəlxalq müsabiqəsində birinci dərəcəli diploma layiq görülüb.

   2011-ci ildə VolqoqraddaMusiqili dalğa” beynəlxalq müsabiqəsində uğurla çıxış edib. Həmin il dövlət başçısının sərəncamı ilə Eminin adı Azərbaycanın gənc istedadların “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə layiq görülüb.

   2014-cü ildə Bakı Musiqi Akademiyasında təhsilini davam etdirən Emin M.A.Qotsdinerin təkidi ilə ötən il Moskva Dövlət Konservatoriyasına qəbul olunub. Hazırda burada dövlət hesabına təhsilini davam etdirir.

   Bu il 28 aprel - 3 may tarixlərində Rusiyada keçirilən VII Beynəlxalq “Evroorkestrmusiqi festivalında da öz ifaçılıq bacarığını layiqli şəkildə nümayiş etdirən Emin xüsusi diplomla təltif olunub. Bugünlərdə isə növbəti dəfə “Gümüş kamerton” beynəlxalq müsabiqəsində birinci dərəcəli diploma layiq görülüb.

   Emin Hüseynov ona göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürünü bildirir. Nazirlik tərəfindən xarici ölkədən onun üçün alətin alınmasına görə də minnətdarlıq edir, göstərilən qayğının onun məsuliyyətini daha da artırdığını deyir. Təbii ki, hər bir gənc kimi onun da arzusu daha mötəbər müsabiqələrdə ölkəmizi təmsil etmək və uğur qazanmaqdır. Biz də arzularına qovuşmaq yolunda ona müvəffəqiyyətlər arzulayırıq.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.6.