ATMU və Azərbaycan Fransız İnstitutu arasında əməkdaşlıq

 

 

Universitetin tələbələri üçün fransız dili və fransaşünaslıq kursları açılacaq

Noyabrın 24-də Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru Yohan Şiterer və təhsil əlaqələri üzrə məsul şəxs Batist Minyo Azərbaycan TurizmMenecment Universitetdə (ATMU) olublar.

Rektor səlahiyyətlərini icra edən Eldar Aslanov universitetin fəaliyyət göstərdiyi 10 il ərzində keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verib. E.Aslanov ölkəmizdə turizm təhsilinin daha da yüksəldilməsi üçün Fransa təcrübəsindən yararlanmağın əhəmiyyətli olduğunu vurğulayıb.

Yohan Şiterer öz növbəsində universitetdə tələbələrin fransız dilini öyrənmələri üçün münasib şəraitin yaradılmasına hazır olduqlarını diqqətə çatdırıb.

Qarşılıqlı fikir mübadiləsindən sonra ATMU və Azərbaycan Fransız İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin iki ölkə arasında təhsil əlaqələrinin inkişafı baxımından töhfə verəcəyinə əminlik ifadə olunub. Anlaşmaya uyğun olaraq Azərbaycan Fransız İnstitutunun dəstəyi ilə Azərbaycan TurizmMenecment Universitetinin tələbələri üçün fransız dili və fransaşünaslıq kursları açılacaq.

F.Hüseynov

 

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.9.