Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq

 

 

Ölkə Prezidentinin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

Məlum olduğu kimi, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Noyabrın 25-də Naxçıvan şəhərində Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda muxtar respublika Ali Məclisinin sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov çıxış edib.

Vasif Talıbov bildirib ki, artıq 15 ildir İslam mədəniyyətinin paytaxtı anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilib. İSESCO-nun qərarı ilə 2007-ci ilin noyabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilib. Vasif Talıbov deyib: Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

Ali Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradıldığını diqqətə çatdırıb, göstərilən etimada görə Təşkilat Komitəsi adından ölkə başçısına minnətdarlıq edib.

Qeyd olunub ki, Prezidentin sərəncamında Təşkilat Komitəsi tərəfindən Tədbirlər Planının hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Komitə üzvlərinin təklifləri nəzərə alınmaqla hazırlanmış Tədbirlər Planının layihəsi müzakirəyə təqdim olunur.

Vasif Talıbov qarşıda duran vəzifələrdən də danışıb. Bildirib ki, ilk olaraq İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018 loqotipi hazırlanacaq və rəsmi internet səhifəsi yaradılacaq. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları da hazırlanmalıdır. Muxtar respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESCO-nun siyahısına salınması istiqamətində aparmalıyıq. Muxtar respublikanın dini abidələri, məscid və ziyarətgahları haqqında kitabların nəşri də nəzərdə tutulur. Bununla bərabər, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin hazırlanması da vacib məsələdir. Eyni zamanda, Təşkilat Komitəsi elmi-kütləvi tədbirlərin də təşkilini diqqətdə saxlayacaq. Naxçıvanda İslam filmləri həftəsinin keçirilməsi, islam ölkələrinin folklor və rəqs qruplarının iştirakı festivalların, idmançılar arasında isə müxtəlif idman yarışlarının keçirilməsi də gözlənilir.

Sonra Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsindən ötən dövrdə görülmüş işlər və 2016-2018-ci illərdə bu sahədə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib, Tədbirlər Planının layihəsi müzakirə olunub.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev çıxış edərək deyib ki, Təşkilat Komitəsinin yaradılması və bu sahədə görülən hazırlıq işləri İSESCO tərəfindən yüksək qiymətləndirilir. Təşkilat Komitəsinin ilk iclasının Naxçıvanda keçirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası tarixi və dini-mədəni abidələrlə zəngindir. Muxtar respublikada islam dəyərlərinin yaşadılması sahəsində ardıcıl tədbirlər görülür. Təşkilat Komitəsinin üzvləri müəyyənləşdirilən vəzifələrin icrasını bundan sonra da diqqətdə saxlayacaqlar.

Müzakirələr zamanı Təşkilat Komitəsinin və İSESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək təkliflər veriblər.

Vasif Talıbov Təşkilat Komitəsi üzvlərinin müzakirə zamanı verdikləri təkliflərin də nəzərə alınaraq Tədbirlər Planının yenidən işlənməsini tapşırıb.

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.3.