Görkəmli tarzənin xatirəsi yad edilib

 

Noyabrın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti, görkəmli tarzən Həbib Bayramovun anadan olmasının 90 illiyinə həsr olunan tədbir keçirildi.

Muzeyin foyesində sənətkarın həyat və sənət yolunu əks etdirən fotolardan ibarət sərgi təşkil edilmişdi.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Həbib Bayramovun sənətkar kimi ustalığından, insan kimi mənəvi zənginliyindən bəhs etdi. Bildirdi ki, Həbib Bayramovun sənət yolunu uğur, sevinc, yaddaqalan konsertlər, xarici səfərlər, təltiflər, fəxri adlar müşayiət edib. İstedadlı tarzən 1951-ci ildə Berlində tələbələrin Dünya festivalında iştirak edərək festivalın laureatı adına layiq görülüb.

Muzeyin Xalq çalğı alətləri şöbəsinin müdiri Təranə Zeynalova sənətkarın həyatından, milli musiqimizin inkişafında xidmətlərindən danışdı. Qeyd etdi ki, Həbib Əbdülhüseyn oğlu Bayramov 1926-cı il iyunun 14-də Bakıda dünyaya göz açıb. Hələ kiçik ikən tara bağlanıb. Tara olan sevgisini hiss edən atası 13 yaşı tamam olanda ona tar alır və musiqi məktəbinə, Əhməd Bakıxanovun yanına aparır. H.Bayramov 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb. 1943-cü ildə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində müəllim çatışmadığı üçün burada həm muğamat sinfində dərs deyib, həm də əlaçı tələbə kimi təhsil alıb. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Qastrol-konsert birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

Xalq artisti Canəli Əkbərov bildirdi ki, H.Bayramovu bir sənətkarı kimi 1963-cü ildən tanımışam və sənətinin vurğunu olmuşam. O, çox ziyalı bir sənətkar idi. Onunla xeyli el şənliklərində, dövlət tədbirlərində birgə çıxış etmişəm.

Xalq artisti Möhlət Müslümov qeyd etdi ki, Həbib Bayramov çox səmimi insan olub. Gənc istedadlara qarşı isə həddindən artıq qayğıkeş idi. Tarı sevən gənclərə yorulmadan sənətin sirlərini və məna gözəlliklərini öyrədərdi. Bu sənətdə Həbib Bayramovu bənzərsiz müəllimim bilirəm.

Tədbirdə daha sonra Xalq artisti, Milli Konservatoriyanın professoru Fəxrəddin Dadaşov, Əməkdar incəsənət xadimi, Musiqi Kollecinin direktoru Nazim Kazımov, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nazim Əsədullayev və başqaları çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşdülər.

Çıxışlardan sonra söz musiqiyə verildi. Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi altında Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə əməkdar artistlər Nuriyyə Hüseynova, Firuz Səxavət Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun ifasında Qaragilə, Sarı gəlin, Ay bəri bax s. xalq mahnıları ifa olundu. Çıxışlar alqışlarla qarşılandı.

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.4.