Hamımız bir günəşin zərrəsiyik...

Abdulla Şaiq. Biblioqrafiya kitabı və Abdulla Şaiq elektron toplusunun təqdimatı keçirildi

Noyabrın 25-də Azərbaycan Milli Kitabxanasında Abdulla Şaiq. Biblioqrafiya kitabının və Abdulla Şaiq elektron məlumat bazasının təqdimatı keçirildi. Kitabelektron toplu F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Uşaq ədəbiyyatı xəzinəsindən seriyası çərçivəsində hazırlanıb.

Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov biblioqrafik vəsaitlərin nəşr edilməsinin əhəmiyyətindən bəhs etdi.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova biblioqrafik göstəricinin tədqiqatçı alimlər, müəllimlər, tələbələr və ümumiyyətlə kitabsevərlər üçün dəyərli vəsait olduğunu dedi. Qeyd etdi ki, ədibin həyat və yaradıcılığı ilə əlaqəli ilk biblioqrafiya 1985-ci ildə nəşr olunub. Bu fundamental biblioqrafik vəsaitdə A.Şaiqin həyat və fəaliyyətinə dair 2016-cı ilədək faktlar əhatə olunub.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək uşaq ədəbiyyatına dair layihələrin həyata keçirilməsini təqdirəlayiq hal adlandırdı. Qeyd etdi ki, uşaq yaddaşına həkk olunan düzgün informasiya onların təlim-tərbiyəsində və həyata düzgün baxışında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan çap edilən uşaq ədəbiyyatı nümunələrinin rolu danılmazdır.

Bildirildi ki, Abdulla Şaiqə həsr edilən biblioqrafiyanın çap edilməsi ədəbi mühitimizdə əlamətdar hadisədir. Biblioqrafiya ədibin həyat və yaradıcılığını geniş və əhatəli şəkildə təqdim edir. Kitabı vərəqlədikdə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, tərcüməçi, maarifçi, təhsil təəssübkeşi olan bir insanın həyat yolu gözlərimiz qarşısında canlanır. Vaqif Əliyev biblioqrafiyanı Abdulla Şaiq xatirəsinə ədəbi abidə kimi dəyərləndirərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik etdi.

Biblioqrafiyanın Ön söz müəllifi, professor Alxan Bayramoğlu, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, biblioqrafiyanın tərtibçilərindən Nazilə Tahirova, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, şair Qəşəm Nəcəfzadə və digərləri çıxış edərək kitabın əhəmiyyətindən danışdılar.

Vurğulandı ki, kitabelektron məlumat bazası Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyi münasibətilə hazırlanıb. Biblioqrafiya üzərində 2014-cü ildə başlanıb. Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən tərtib olunan 448 səhifəlik biblioqrafik topluda A.Şaiqin 1906-2016-cı ilədək nəşr olunan əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əks olunub. Biblioqrafiyada Abdulla Şaiqin həyat yoluna, yaradıcılıq fəaliyyətinə dair fakt və tarixlərlə yanaşı, əsərlərinin nəşr mənbələri, onların yer aldığı çap məhsullarının çeşidi, onun haqqında yazan müəlliflərin əsərlərinin çap edildiyi nəşrlər və s. əksini tapıb. Kitabda 2000-dən çox mənbə göstərilib.

Biblioqrafiyanın əhəmiyyətli cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı, görkəmli ədibin mənzil-muzeyində mühafizə olunan qiymətli fond materiallarını, əlyazmalarını, məktublarını və şəxsi arxiv sənədlərini də əhatə etməsi və həmin materialların kitaba əlavələr şəklində verilməsidir.

Ədibin yaradıcılığı və ictimai fəaliyyəti barədə danışan natiqlər onu da bildirdilər ki, Abdulla Şaiq yaratdığı bədii əsərlərlə milli ədəbiyyatımızın zənginləşməsinə çalışıb, ədəbi fikrin, maarif və mədəniyyətin inkişafına təsir göstərib.

Onun uşaq pyesləri, dram əsərləri bu günədək teatrların repertuarında özünəməxsus yer tutur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, ədibin adını daşıyan Azərbaycan Dövlət Kukla Teatrının repertuarında maraqlı, öz aktuallığını itirməyən əsərləri tamaşaya qoyulur.

Sonda Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək biblioqrafiyaelektron məlumat bazasının yaradılmasında zəhməti olan şəxslərə təşəkkürünü bildirdi.

Sonra elektron bazanın təqdimatı oldu. Elektron resurs ədibin həyat yaradıcılığı, əsərləri, müdrik kəlamları, görkəmli şəxslərin onun haqqında fikirləri, sözlərinə yazılmış mahnılar - ümumilikdə 11 bölmədən ibarətdir.

Tədbirdə Abdulla Şaiq - 135 adlı kitab sərgisi nümayiş olundu, şairin sözlərinə yazılmış mahnılar, 190 saylı orta məktəb Modern məktəbin şagirdlərinin ifasında şeirləri səsləndirildi.

Lalə Azəri

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.5.