Milli Dram Teatrında “Vəsiyyət”

 

 

 

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 144-cü teatr mövsümünün yeni səhnə əsərlərindən olan “Vəsiyyət” tamaşası noyabrın 26-da teatrsevərlərə təqdim olunub.

   Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında hazırlanan ikihissəli tamaşaya Əməkdar artist Firudin Məhərrəmov quruluş verib.

   Pyeslərində hər zaman həyatda baş verən acı həqiqətləri, milli dəyərlərimizə kölgə salacaq mənəviyyat dəllallarının əməllərini və var-dövlət düşkünlərinin aqibətinin sonunu ön plana çəkən dramaturq, “Vəsiyyət”də də mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir. Dövran adlı milyonerin öz yaxınlarına vəsiyyətindən bəhs olunan tamaşada gülüşdoğuran hadisələrlə yanaşı, insanları düşündürən məqamlar da yetərincədir.

   Rolları əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev və başqaları canlandırır.

   Tamaşanın səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.5.