Türk dünyası ilə çalışmaq zövqqürur verir

 

 

Türkiyədəki və Azərbaycandakı qardaşlarımızın duyğularını anlatması baxımından tarixi mövzuda peşəkar filmlərin çəkilməsi çox önəmlidir. Yaxın tarixin hadisələrindən başlaya bilərik

Bugünlərdə Bakıda Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türk filmləri həftəsi keçirildi. Bu münasibətlə Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri başqanı Yalçın Topçu ölkəmizdə səfərdə oldu, bir sıra görüşlər keçirdi. Ankaraya qayıtdıqdan sonra onunla görüşüb bu layihə və səfər təəssüratı barədə söhbət etdik.

- Yerli Düşüncə Dərnəyi Azərbaycanla əməkdaşlığa Bakıda Türk filmləri həftəsi keçirməklə başladı. Maraqlıdır, nə üçün ilk hədəfiniz məhz kino sahəsi oldu?

- Bu mənim Bakıya ikinci səfərimdir. Bildiyiniz kimi, Bakıda dostum İbad Hüseynli yaşayır. Heydər Əliyevin hər kəsin bildiyi bir məşhur deyimi var: Bir millət, iki dövlət. Mən bura bir əlavə etmək istəyirəm. Bəli, biz azərbaycanlı, anadolulu, qazax, qırğız, kərküklü, kosovalı, bosniyalı və s. olmaqla bir türk millətiyik. Bir ananın, bir atanın uşaqlarıyıq. Amma uşaqların içərisində bəzən əkizlər olur. Onlar digərlərindən fərqlidir. Birinin başı ağrısa, o birieyni hisləri yaşayır. Türkiyə ilə Azərbaycanın, Ankara ilə Bakının türk dünyasında yeri məhz belədir. Bakının əlinə tikan batsa, Ankara bunu ürəyində hiss edər. Ankara da belə bir duruma düşərsə, Bakı bunu bütün qəlbi ilə yaşayar. Məsələn, Türkiyədə İstiqlal müharibəsi illərində Nəriman Nərimanov Azərbaycandan pul toplayıb bizə göndərib. Atatürk onu geri qaytarmaq istəyəndə, o, qardaşın, qardaşa borcu olarmı?, - deyə cavab verib. Yaşadığımız dövrə gələk. Ötənlərdə Azərbaycan Prezidenti İlham Əliyev bir beynəlxalq tədbirdə erməni rəhbərin Türkiyə əleyhinə ittihamlarına gözəl cavab verdi, dedi ki, Türkiyə burda yoxdursa, mən varam. Türkiyə rəhbərliyi hər zaman Azərbaycanın davasını, haqq işini öz davası kimi qəbul edib. Bugünlərdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni deputatına xitabən bunu bir daha ifadə etdi, Azərbaycanın bütün məsələsi bizim məsələmizdir, - deyə bildirdi. Bütün bunlar onu göstərir ki, biz əkiz qardaşlarıq. Bu qardaşlığı, bir-birimizi daha yaxından tanımağımız üçün ən təsirli vasitələrdən biri kinodur. Mədəniyyət və turizm naziri olduğum zaman da günümüzdəki ünsiyyət vasitələrindən kinonu çox fərqli gördüm və dəyərləndirdim. Bir filmlə bizlər günlük həyatımızı, sevincimizi, acılarımızı daha yaxından görər, bir-birimizi daha yaxşı tanıyarıq.

Bakıdakı Türk filmləri həftəsində beynəlxalq mükafatlara namizəd ekran əsərləri göstərildi. Biz bu layihəni türk dünyasının digər ölkələrində də reallaşdırmaq istəyirik. Eyni zamanda türk dünyası ölkələrinin filmləri də qarşılıqlı olaraq Türkiyədə, digər ölkələrdə təqdim edilməlidir. Dildə, işdə, fikirdə bir olmalıyıq.

- Kino həqiqətən müasir dövrdə əlaqənin, tanışlığın ən təsirli vasitələrindən biridir. Bu baxımdan türk dünyası mədəniyyətini bir araya gətirmək üçün, yəqin ki, başqa layihələr də düşünürsünüz?

- Təbii ki. Qeyd etdiyim kimi Türkiyə filmlərini digər türk respublikalarında da nümayişini təşkil etmək niyyətindəyik. Bakıya səfərim zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə çox faydalı görüşümüz oldu. Həmin söhbətdə də belə bir fikir qeyd olundu ki, Türkiyədəki və Azərbaycandakı qardaşlarımızın duyğularını anlatması baxımından tarixi mövzuda peşəkar filmlərin çəkilməsi çox önəmlidir. Dedim ki, yaxın tarixin hadisələrindən başlaya bilərik. 1918-ci ildə Nuru paşa Azərbaycana gedib, orda şəhidlərimiz var. Eyni mənzərəni Çanaqqala savaşında görürük. Azərbaycan torpaqlarından qardaşlarımız gəlib qardaş torpaq uğrunda şəhid olublar. Bakıda diyarbəkirli, ərdahanlı, yozqatlı şəhidlər, Çanaqqalada Bakı, Gəncə, Şuşadan və digər bölgələrinizdən şəhidlər uyuyur. Ən yeni tarixə baxarsaq - istərdim ki, Qarabağ dərdini, bu torpaqdan köçkün uşaqların acısını Anadoluda hər kəs bilsin. Şuşa Azərbaycanın tarixi torpağı olan Qarabağın mərkəzi olub. Biz şuşalı uşaqları Ankaraya dəvət edəcəyik və onları Türkiyə uşaqları tanıyacaq. Bu uşaqlar da bir daha biləcəklər ki, bizim arxamızda böyük bir Bakı, eyni zamanda Ankara var. Azərbaycan-Türkiyə qardaşlığının əməldə daha da güclənməsini, hamımızın arasında bir məfkurə olmasını istəyirəm.

Onu da qeyd edim ki, film mübadiləsi barədə fikirlərimə hörmətli Əbülfəs Qarayevçox müsbət yanaşdı. Bizim filmlərin açılış qalasında nazir müavini Sevda Məmmədəliyeva iştirak etdi. Mətbuat bu tədbiri çox geniş işıqlandırdı. Eyni zamanda Azərbaycan tamaşaçısı da filmlərimizə çox böyük maraq göstərirdi. Türk filmlərinin Azərbaycanda, Azərbaycan filmlərinin Türkiyədə göstərilməsi Yerli Düşüncə Dərnəyi olaraq əlaqələrimizdə bir başlanğıcdır. Mən istərdim ki, Türkiyədəki başqa QHT-lər də bu yöndə çalışsınlar. İstər Türkiyə, istərsə də Azərbaycan QHT-ləri bizi bir-birimizə yaxınlaşdıran fəaliyyətlər həyata keçirsinlər. O zaman bir-birimizi daha yaxından tanıyacağıq.

- Yalçın bəy, Bakıda müxtəlif görüşləriniz oldu. Ümumi təəssüratınız necədir?

- İki universitetdə konfrans verdimbu tədbirlərə qatılan Azərbaycan alimlərinə, eləcə də tələbələrə minnətdarlığımı bildirirəm. Azərbaycan-Türkiyə əlaqələrini dəyərləndirdik, Türkiyədə baş verən son olaylardan bəhs etdik. Yazıçılar Birliyində yazarlarbirliyin sədri Anarla görüşümüz oldu. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə görüşdümçox kövrəldim. Rəsulzadə nəslinin bir nümayəndəsi ilə görüş insanı duyğulandırır. Mən Ankarada tez-tez M.Ə.Rəsulzadənin qəbrini ziyarət edirəm. Rəis Rəsulzadə tanınmış rəssamdır. Yerli Düşüncə Dərnəyi olaraq onu Ankaraya dəvət edəcək və sərgisini keçirəcəyik. Eyni zamanda M.Ə.Rəsulzadənin Bir kərə yüksələn bayraq, bir daha enməz ifadəsi altında bir konfrans da keçirəcəyik. Türk dünyası ilə çalışmaq çox gözəldir, həm zövq, həm də qürur verir.

Bakı barədə təəssüratıma gəlincə, səfərimdən çox məmnun qaldım. Azərbaycan öz tarixi keçmişi etibarilə görkəmli söz ustadları, yazarların yetişdiyi ölkədir. Onların Türkiyədə daha da geniş tanınmasını istəyirik. Bundan başqa, sənətkarlarımız, qəhrəmanlarımızın bir-birimizə tanıdılması çox gözəl olar və düşünürəm ki, bizimbu işdə rolumuz olacaq. İstərdik ki, türk dünyasından mükəmməl, qlobal işlər ortaya qoyulsun. Onu da deyim ki, fürsət tapıb Bakını da gəzdik, İçərişəhərdə olduq. Bakı qürur duyulası bir ölkənin paytaxtıdır.

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.10.